"Paşinyanın KTMT-nin yekun sənədini imzalamaması İrəvanın Kremlə demarşıdır"
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir təşkilat kimi hələ tükənməyib. Lakin hal-hazıda təşkilat daxilindəki böhran göründüyündən də dərindir. İrəvan sammitində yekun bəyannamənin imzalanmaması Paşinyan rejimi tərəfindən əvvəlcədən planlaşdırılan təxribat idi".
APA-nın Moskva müxbirinin məlumatına görə, bu fikirlər bu gün Moskvada keçirilən “KTMT-dəki böhran nəyə gətirib çıxaracaq?” adlı tədbirdə rusiyalı ekspertlər tərəfindən səsləndirilib.
Noyabrın 23-də İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində yekun bəyannamənin Ermənistan tərəfindən imzalanmaması rusiyalı ekspertlərdə etiraz doğurub. Rusiyalı ekspertlər Paşinyanın yekun sənədi imzalamaqdan imtina etməsini rəsmi İrəvanın Kremlə demarş cəhdi kimi qəbul ediblər. Ekspertlərin fikrincə, Paşinyan bu addımı Qərblə, ABŞ və Fransa ilə razılaşdıraraq bilərəkdən atıb. Məqsəd Rusiyanın hazırki düşdüyü beynəlxalq siyasi vəziyyətdən istifadə edib İrəvanı Moskvanın himayəsindən tam çıxararaq Qərbin himayəsinə keçirməkdir.
Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markov bildirib ki, KTMT-dəki münaqişə Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında Parisdə keçirilən görüşdə razılaşma əsasında baş verib: "Paşinyan Makrondan Rusiya ilə mübahisə yaranacağı təqdirdə Fransa və ABŞ-dan onu himayə edəcəkləri ilə bağlı təminat alıb. Paşinyan Qərblə Rusiya arasındakı münaqişə şəraitindən istifadə edib Ermənistanı Rusiyanın müttəfiqindən Qərbin, ilk növbədə Fransanın müttəfiqinə çevirmək istəyir".
Rusiyalı ekspertlər hesab edirlər ki, bu gün KTMT-nin əsas problemlərindən biri onun üzvü olan Ermənistanın Azərbaycanla münaqişədə olmasıdır. Lakin ikinci, başlıca problem isə Paşinyanın qərbpərəst siyasətçi olmasıdır ki, bu da birinci problemi daha da genişləndirir. Onların fikrincə, İrəvandakı sammitdə Ermənistanın təşkilata üzv ölkələr qarşısında Azərbaycanla bağlı şərt qoyması Kremlə qarşı təxribatdan başqa bir şey deyil.
Rusiyalı tarixçi, siyasi ekspert Sergey Voronin ölkəsinin sözsüz ki, indiki halda Ermənistan tərəfindən təxribatla üzləşdiyini söyləyib: "Əgər biz formal, etik məqamlardan danışsaq, o zaman Paşinyanın hərəkətləri bu çərçivədən kənara çıxır. Düşünürəm ki, Ermənistan ev sahibi kimi və KTMT-yə sədrlik edən ölkə kimi demarş yox, siyasi müdriklik və siyasi məsuliyyət göstərilməli idi. Təəssüflər olsun ki, biz Ukraynanın timsalında bu cür demarşların nəyə gətirib çıxardığını şahidi olmuşuq".
Voronin “ermənilər Rusiyaya “dost xalqdır”, hakimiyyətdə qərbpərəst, Ermənistanı Rusiyadan qoparmaq istəyən lider olsa belə, heç nə alınmayacaq” kimi fikirlərə artıq skeptik yanaşdığını vurğulayıb: "Düşünürəm ki, Rusiya Ermənistandakı vəziyyətlə bağlı daha diqqqətli olmalıdır. Çünki, Qaregin Njde kimi faşist düşüncəlilərin Ermənistan cəmiyyətində haradasa gizləndiyi məlumdur".
Rusiyalı ekspertlərin qənaətincə, Paşinyan rejimi Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında böhranlı vəziyyət yaratsa da, ümumilikdə, Ermənistan təkilatı parçalamaq iqtidarında deyil. Rusiyada hesab edirlər ki, Paşinyanın İrəvandakı sammitdə isterikasını səbəbi Qərbdən gələn ssenari ilə əlaqəlidir və Moskva heç vaxt bu ssenarini həyata keçirilməsinə imkan verməyəcək.