Infoteka.az
Dünya

Vatikan Rusiya və Ukrayna üçün danışıqlar masası təklif etməyə hazırdır

“Vatikan diplomatik kanallar vasitəsilə Moskva ilə əlaqəni dəstəkləyir, tərəflərdən sülh yolu tapmaq təklifi gələrsə, Ukrayna və Rusiya üçün danışıqlar masası təklif etməyə hazırdır”.

Infoteka.az xəbər verir ki, bunu “Mediaset - Tgcom24” kanalına müsahibəsində Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager deyib.

“Biz Moskvadakı Apostol nunsisi və Rusiyanın Müqəddəs Taxt-tacdakı səfiri vasitəsilə normal diplomatik əlaqələr saxlayırıq. Deməliyəm ki, bu kanallar işləkdir, xüsusən də məhbusların mübadiləsi zamanı faydalıdır. Ancaq başqa heç nə yoxdur, bizim Ukrayna hakimiyyəti ilə daha çox əlaqəmiz var” - deyə, o bildirib.

Onun sözlərinə görə, həm Müqəddəs Taxt-tac, həm də şəxsən Papa əvvəldən Rusiya ilə Ukrayna arasında mövcud münaqişənin nizamlanmasında vasitəçiliyə hazır idilər:

“Lakin konkret cavab yox idi. Tarixən keçmişdə etdiyimiz kimi imkanlarımıza və məkanlarımıza ehtiyac varsa, təklif tərəflərdən sülh yolu, dialoq axtarışı ruhunda gəlsəydi, Papa danışıqları qəbul edərdi”.

O, həmçinin Müqəddəs Taxt-Tac adından tərəflərə müraciət edib ki, xalqların fəryadı, iztirabları dinlənsin və münaqişəyə son qoymaq üçün mümkün qədər tez dialoqa qayıtmaq fürsətindən istifadə etsinlər.

Infoteka.az