"Olimpiakos"un daha bir futbolçusu Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.
İnfoteka.az-ın məlumatına görə, hücumçu Yussef Əl-Arabi "Atromitos"u 2:0 hesabı ilə məğlub etdikləri çempionatın VI tur oyununda sıradan çıxıb.
Fasilədə əvəzlənən mərakeşli forvardın yerinə meydana Matyö Valbuena daxil olub. Pirey təmsilçisinin həkimlərinin ilkin rəyinə əsasən, Əl-Arabinin sağ dizinin yan bağlarında problem aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Ölkə çempionunun digər hücumçusu Hvan Uy Co da zədə səbəbindən həmin matçda meydana çıxmayıb.
Beləliklə, "Olimpiakos"da zədəli futbolçuların sayı 5-ə çatıb. Daha əvvəl müdafiəçilər Usseynu Ba, Panayotis Retsos və Tomaş Vatslikin "köhlən atlar"a qarşı oynamayacağı bəlli olub.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.