Infoteka.az
Siyasət

“BİZ SÜLH İSTƏYİRİK!”

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra postmünaqişə dövründə regionda ara-sıra səslənən bəzi çağırışların olmasına, barışın, dayanıqlı sülhün, sülh müqaviləsinin, Zəngəzur dəhlizinin açılmasının əleyhinə çalışan qüvvələrin fəallığına baxmayaraq yenə də sülh tərəfdarı olduğunu vurğulamışdır: “Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.
Təbii ki, bütün region ölkələrinə ciddi iqtisadi və siyasi faydası ola biləcək Orta Dəhliz kimi irimiqyaslı layihənin icrası, tam istismara verilməsi üçün birinci növbədə təhlükəsizlik, sabitlik və iqtisadi potensial olmalıdır. 
Azərbaycanın açıq dənizə, okeanlara birbaşa çıxışının olmaması enerji və nəqliyyat layihələrinin reallaşdırılması üçün daha çox və daha gərgin işlər tələb edir. Bununla belə, Azərbaycanın geosiyası, geoiqtisadi mövqeyi, Avropa ilə Asiyanın arasında, iki qitənin ortasında yerləşməsi ona körpü rolu oynaması kimi əhəmiyyətli missiya imkanı verir. Bu missiyanın həyata keçirilməsinin bariz nümunələri uzunmüddətli, genişmiqyaslı lahihələrdir. 
Dünyada mövcud olan yeni geosiyasi vəziyyət Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət yaradır. Təbii ki, bunun üçün burada hava limanları layihələrinin tamamlanması da çox önəmlidir. Artıq beynəlxalq hava limanlarımızın sayı doqquza çatır. Bu hava limanlarından sərnişin daşımaları ilə yanaşı, yük daşımaları da həyata keçiriləcək. Dəmir yolları, Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır ki, bunu da Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması təmin edəcək. 
Artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir və s. və i. Bütün bunlar göstərir ki, Ukrayna-Rusiya müharibəsi səbəbilə meydana çıxan bir çox çətinliklər, iqtisadi əlaqələrdə yaranan problemlər, ağır zərbə alan layihələr, siyasi münasibətlərin iqtisadi əməkdaşlığa təsiri Azərbaycana, onun təbii ehtiyatlarına olan marağı və ehtiyacı artırıb. Bu maraq, ölkəmizlə siyasi, iqtisadi, mədəni əlaqələrin yaradılmasına səylər həm də onu göstərir ki, dünya Azərbaycandakı reallığı dərk edir, stabilliyi, etbarlı tərəfkeş olmamızı qəbul edərək uzunmüddətli layihələrə həvəslə qoşulurlar. Əlbəttə ki, bu layihələrin həyata keçməsi həm də bölgə əhalisinin rifahının artırılması, əmin-amanlığın bərqərar olması, ölkələrimizin inkişafı deməkdir. Bu reallığı qəbul edən ölkə rəhbərləri və xalqlar eyni zamanda öz xoşbəxt gələcəklərinə imza atmış olacaqlar. O ki, qaldı, Zəngəzur dəhlizi ilə bağlı maneələrə... Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur, yəni Ermənistan asılı ölkədir. Ona görə də Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Bu məsələdə İranın fəallaşması, müxtəlif vasitələrlə mane olmağa çalışması diqqət çəkir. Regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törətmək istəyənlər, o cümlədən də İran və Ermənistan daxildə stabilliyin pozulması ilə qarşılaşacaqlar. Biz artıq aylardır bunun şahidiyik. Azərbaycana qarşı aparılan məkrli siyasət dünya arenasında da həmin dövlətlərin xeyirinə deyil. Çox səbr etdikdən sonra Azərbaycan İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı vermişdir. Bu qərar ölkəmizin milli maraqlarına xidmət etməklə yanaşı həm də sülhün, uzunmüddətli əməkdaşlığın rəsmiləşdirilməsi deməkdir.

Güllü Yoloğlu
TAİB-in Qadınlar Şurasının sədri, AMEA Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru

Infoteka.az