Infoteka.az
Siyasət

Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir.

Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Cənab Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə vermişdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. 
Belə qlobal miqyaslı tədbirlər vasitəsilə dünya ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yerləşdiyi bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində gerçəkləşdirilən mütərəqqi siyasətlə tanış olur, həyata keçirilən strategiyanı dəstəkləyir. Noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfrans da, şübhəsiz ki, bu baxımdan böyük əhəmiyyətə malikdir. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz müasir dünya üçün önəm kəsb edən məsələlərin müzakirə olunduğu məkandır.
Dövlətimizin başçısı tədbirdəki çıxışında da bu məsələyə toxunaraq, Orta Dəhliz kimi irimiqyaslı layihənin icrasını təhlükəsizlik, iqtisadi bacarıq və geosiyasət amillərinin şərtləndirdiyini, konfransın da məhz bu məqsədlə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlandırıldığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir... Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir...”
Yeri gəlmişkən, Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Xüsusilə də hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hesab edilən Orta Dəhliz Çindən Türkiyəyə, o cümlədən, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımaları həyata keçirir. Bu dəhliz üzrə hərəkətdə olan blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır. Belə bir zaman məsafəsi isə dəhlizin əsas üstünlüklərindən biridir.
Xatırladaq ki, 2017-ci ildə fəaliyyətə başlayan bu layihənin əhəmiyyəti 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlanmasından sonra özünü daha qabarıq büruzə verib. Belə ki, əgər 2022-ci ilə qədər TransSibir dəmir yoluna üstünlük verilirdisə, hazırda Rusiya–Ukrayna müharibəsi kontekstində mövcud reallıq Avropa İttifaqı ilə ticarət prosesini ciddi şəkildə mürəkkəbləşdirib.
Buna görə də hazırda Orta dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunur. Bu nəqliyyat marşrutu həm də okeana çıxışı olmayan Azərbaycan, Türkmənistan, Özbəkistan və Əfqanıstan kimi ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından mühüm önəm daşıyır. Prezident İlham Əliyev məhz bu məqamla bağlı konfransda deyib: “Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük”. 
Azərbaycan Orta Dəhlizin səmərəli fəaliyyəti ilə bağlı son illərdə önəmli layihələr reallaşdırıb. Məsələn, ölkə rəhbərinin konfransda vurğuladığı kimi, beş il bundan əvvəl ölkəmiz tərəfdaşları ilə birlikdə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsini başa çatdırıb. İndi isə respublikamız artan yük həcmlərini nəzərə alaraq, Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başlayıb. Yüz milyon ABŞ dollarından daha baha başa gələcəyi gözlənilən bu layihənin təxminən il yarım müddətində yekunlaşdırılması planlaşdırılıb. Eyni zamanda, Şimal–Cənub dəhlizi kimi digər nəqliyyat layihələrinin də Şərq–Qərb dəhlizinə sinerji əlavə ediləcəyi nəzərdə tutulub. Dövlətimizin başçısı konfransda Azərbaycanın hər iki dəhlizin iştirakçısı olduğunu və ölkəmizin bu nəqliyyat marşrutları ilə bağlı əksər logistika infrastrukturu layihələrini artıq həyata keçirdiyini, hazırda isə həmin sahələrdə müasirləşdirmə işləri görüldüyünü də diqqətə çatdırıb. “Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna” – deyə, ölkə rəhbəri bildirib. 
Konfransda Azərbaycanın nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı haqqında da məlumat verilib. Bu möhtəşəm infrastruktur layihəsinin 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyinin nəzərdə tutulduğu qeyd edilib. Bunun isə təsadüfi olmadığı, zərurətdən irəli gəldiyi deyilib. Səbəbləri isə dünyada yeni geosiyasi vəziyyətin yaranması, respublikamızdan daha çox yüklərin daşınması ilə əlaqələndirilib.
Prezident konfransda bütün bunlarla yanaşı, ölkəmizin hava limanları layihələrinin artıq tamamlanma mərhələsində olduğunu, Laçın aeroportu hazır olandan sonra isə işğaldan azad edilmiş ərazilərdə üç hava limanının fəaliyyət göstərəcəyini və beləliklə, Azərbaycan üzrə onların sayının doqquza yüksələcəyini diqqətə çatdırıb. O, həmçinin Zəngilan hava limanının mühüm əhəmiyyətə malik olduğunu, yerləşməsi baxımından onun Avropaya yaxın, cənuba daha yaxın və ümumiyyətlə, Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacağını qeyd etdi.
Sonda bildirmək istəyirəm ki, Azərbaycan dövləti iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir.


Şəhla Mehdiyeva
Suraxanı rayonu 87 №-li tam orta məktəbin Azərbaycan dili ədəbiyyatı müəllimi 

Infoteka.az