Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
İnfoteka.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu ötən onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur.
Hazırda qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. İnanıram ki, Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".