Laçın rayonu 2020-ci il 1 dekabr tarixində işğaldan azad edilmişdir. Məhz bu tarixdə Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
İşğala qədər mühüm geostrateji mövqeyə malik Laçın Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub. Lakin rayonunun işğal olunması ölkəmizin iqtisadiyyatına xeyli ziyan vurdu, dövlət və xüsusi mülkiyyətə zərər yetirildi, əhalisi etnik təmizləməyə məruz qaldı.
Hələ birinci Qarabağ müharibəsi başlamazdan əvvəl erməni terorçuları Laçın haqqında xüsusi plan hazırlamışdılar. Buna səbəb nə idi? Məsələ ondadır ki, Azərbaycanın əzəli torpaqları olan Zəngəzur bölgəsi ermənilərə verildikdən sonra Dağlıq Qarabağ bölgəsi ilə Ermənistan arasında yeganə maneə Laçın rayonu qaldı. 1924 cü ildə DQMV yaradılsa da Laçın rayonu bu vilayətə aid edilmədi. Daha sonrakı zamanlarda ermənilər sovet hakimiyyətinə bir neçə dəfə Laçının birləşdirilməsi haqqında müraciət etsələr də buna nail ola bilmədilər. Laçın ərazisində yerləşən Laçın Dəhlizi adlanan bu hissə ermənilər üçün çox vaçib idi.
Azərbaycanın daxili işlər naziri, general Məhəmməd Əsədov həm Azərbaycan, həm də Ermənistan üçün bütün Dağlıq Qarabağda ən strateji rayon sayılan Laçının təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün plan hazırlayırdı. Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz həmin kəndlərin ərazisində-Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi. Lakin bu müqavimətə baxmayaraq mərkəzi komandanlığın olmaması və mayın 8-də Şuşanın işğal olunması Laçının mühasirəyə düşməsinə səbəb oldu. Nəticədə 1992-ci il may ayının 18-də ermənilər tərəfindən işğal olundu.
27 sentyabr 2020-ci il torpaqlarımızın azadlığı uğrunda başlamış Zəfər müharibəmiz 44 gün davam etdi. Müharibənin ilk vaxtlarında ermənilər müqavimət göstərsələr də onların inşa etdikləri müdafiə sədləri Azərbaycan ordusu tərəfindən darmadağın edildikdən sonra geriləməyə başladılar. Azərbaycan ordusu qarşısında heç bir şey edə bilməyəcəklərini görən ermənilər noyabr ayının 10-da imzalanmış müqavilə ilə təslim oldular. Müqaviləyə əsasən ermənilər dekabr ayının 1-də Laçın rayonunu tərk etməli oldular. Bununla da 28 illik həsrətə son qoyulmuş oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ordusu bir güllə belə atmadan Laçını azad etmiş oldu. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın rayonuna 2 dəfə səfər etmiş, fevralın 14-ü səfər zamanı Güləbird kəndində bayrağımızı qaldırmışdır. 26 noyabr 2020-ci il Vətən müharibəsində qələbə münasibətilə “Laçının azad edilməsi medalı” təsis edilmişdir.
Tarixi keçmişi zəngin olan bu ərazinin azad edilməsi tarixi hadisədir. Növbəti önəmli addım keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün rayonlarımıza qısa müddət ərzində qaytarılmasıdır. Laçın rayonunun işğaldan azad edilməsindən sonra bu istiqamətdə mühüm addımlar atılmaqdadır.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Rza Eyvazlı
Bakı şəhəri, 114 nömrəli tam orta məktəbin tarix müəllimi