“Demək olar ki, bütün oyunçular məşq prosesində iştirak edir. Ümid edirəm ki, Vojislav Stankoviç də “Qarabağ”la oyun gününə kimi tam hazır olacaq”.
İnfoteka.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 16-cı turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi klubun televiziyasına açıqlamasında deyib.
Rumıniyalı mütəxəssis Ağdam klubu ilə matça hazır olduqlarını söyləyib: “Görüşə yaxşı hazırlaşırıq. Bilirik ki, bizi ağır matç gözləyir. Yaxşı nəticə qazanmalıyıq, çünki evdə oynayacağıq”.
47 yaşlı çalışdırıcı zədədən qayıdan oyunçuların son durumu barədə də məlumat verib: “Eddi İsrafilov uzun müddət idi ki, zədədən əziyyət çəkirdi, oyun praktikası az idi. Yalnız “Səbail”lə ötən turdakı görüşdə ona şans verə bildim. Eddi bizim üçün çox vacib və açar oyunçulardandır. Azər də vacib futbolçularımızdandır. Zədədən qayıtdıqdan sonra yenidən zədə aldı. Komandadan bir müddət ayrı qaldı. Ümid edirəm ki, “Qarabağ”la görüşə qədər hazır vəziyyətdə olacaq”.
O, ilk dövrədə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları qarşılaşmadan dərs aldıqlarını vurğulayıb: “Qarabağ”a uduzduğumuz son görüş bizim üçün böyük dərs oldu, həmin qarşılaşmadan nəticə çıxardıq. Görüşün 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni tempdə keçirməyə imkanımız və səviyyəmiz var. İstənilən dəyişiklik komandanın xeyrinə olacaq”.
Regekampf çempionluq uğrunda mübarizəni davam etdirəcəklərini bildirib: Öz oyunumuza köklənməliyik. “Qarabağ” və “Sabah”la matçlarda çox vacib xallar itirmişik. İşimizə daha çox konsentrasiya olunmalıyıq. Çempionat uzun yoldur, oyunlara düzgün köklənsək, çempionluq yolunda şansımız olacaq”.
Qeyd edək ki, dekabrın 2-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 21:00-da başlayacaq.