Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclası çərçivəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
İnfoteka.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edilib və mövcud münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.
C.Bayramov Azərbaycanla Çexiya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Nazirlər iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə, o cümlədən enerji təhlüləsizliyi, iqtisadi-ticarət sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
C.Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə davam edən mina təhdidləri barədə məlumat verib.
Görüşdə tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.