Infoteka.az
Siyasət

Ceyhun Bayramov Niderlandın XİN başçısı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə görüşüb.

İnfoteka.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə olunub.

Tərəflər, iki ölkə arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfindən mina təhdidi daxil olmaqla davam edən təxribatların sülh quruculuğuna mane olduğu bildirilib. Qanunverici orqanlar tərəfindən qərəzli yanaşmaların normallaşma və sülh prosesinə xidmət etmədiyi vurğulanıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Niderlandın XİN başçısı ilə görüşüb
Infoteka.az