Infoteka.az
Siyasət

Bayramov: “Danışıqların intensivliyi rəsmi Bakı ilə Moskva arasında aktiv dialoqun sübutudur”

“Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur”.

İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə deyib.

"İkitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm təmaslarımız xoş ənənəyə çevrilib. Dövlət başçıları səviyyəsindən tutmuş hökumət başçıları, nazirlər, Rusiya Federasiyanın subyektlərinin rəhbərləri səviyyəsinədək danışıqlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dialoqun intensivliyinin əyani təzahürüdür”, - Azərbaycanın xarici işlər naziri bildirib. 

O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: "Bu il yubiley ilidir. Arxada qalan 30 ilə yekun vuraraq, geriyə nəzər salanda mənə elə gəlir ki, bu, gələcək planları təhlil etmək üçün çox yaxşı fürsətdir”.

“Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq”, - C.Bayramov bildirib.

Infoteka.az