“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq. Girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirək. Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”.
İnfoteka.az "Oxu.az"-a istinadən xəbər verir ki, bu sözləri Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistin ünvanladığı “əgər yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təminatı haqda danışmaq nə qədər doğrudur?” sualını cavablandıran A.Volkov vurğulayıb ki, post qoyulacaq və lazımi yoxlanış həyata keçiriləcək.
“Belə olan halda mən düşünürəm ki, işimizin effektivliyini artıracağıq və bura hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq”, - deyə sülhməramlı qüvvələrin generalı bildirib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin sonunda imzalanan üçtərəfli 10 noyabr bəyanatının 4-cü bəndinə görə, Rusiya sülhməramlıları beş il müddətinə Qarabağa yerləşdiriliblər.