Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
İnfoteka.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlət başçısı eyni zamanda bildirib ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğulayıb, eyni zamanda bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd edib.
Dövlət başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlət başçısı Azərbaycan Prezidentinin sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.
Sonra xatirə şəkilləri çəkdirilib.
Daha sonra Azərbaycan Prezidentinə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtılə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.
Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.