“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sözləri tariximizdə əbədi yaşayacaq.
2020-ci il dekabrın 10-da Azadlıq Meydanında 3000 Azərbaycan və Türkiyənin igid əsgəri və zabitilərinin, yerli və xarici rəmsi qonaqlar, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi Zəfər paradı ölkəmizin tarixində möhtəşəm və unudulmaz hadisədir. Möhtəşəm zəfərimizin rəmzi Şuşa şəhəri işğaldan azad edildikdən sonra, şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Paradda, eyni zamanda hərbi gücümüzü bütün dünyaya göstərərək müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər, Ermənistan Silahli Qüvvələrinə məxsus hərbi qənimət kimi ələ keçirilmiş hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
Yalnız işğala son qoymaq və tarixi ədaləti bərpa etmək məqsədi ilə vuruşan və hər gün irəli gedən Azərbaycan Ordusu 44 günlük müharibənin hər günü yeni şəhərlər, kəndlər, qəsəbələr, strateji yüksəklikləri işğaldan azad edirdi. Müharibə zamanı Şanlı Ordumuzdan bir nəfər də fərarinin olmaması, yaralı əsgər və zabitlərin yenidən döyüşə qayıtması vətənpərvərliyin və əsgər andına sadiqliyin, Pezidentimiz ətrafında birləşən xalqımız isə dəmir yumruğun, birliyin və gücün təcəssümü, eyni zamanda Erməni mifinin məhvi idi. Çünki, ordumuz Ermənistanı mənəvi məğlubiyyətə uğradıb və müharibə zamanı Ermənistan ordusunda 10 mindən çox fərari olub. Döyüş meydanında məğlubiyyətə uğrayar mənfur düşmən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.
2020-ci ilin 10 noyabr tarixində imzalanan kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Biz müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandıq. Bizim iqtisadi müstəqilliyimiz, inkişafımız, müasir silahlar əldə edə bilməmiz bizi Qələbəmizə apardı.
Zəfərimizi tariximizə yazan oğullarımız, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlari və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir.
Şanlı Qələbəmizi əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Hərbi Qənimətlər Parkındakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Parada Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. Bu, iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi və beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi.
Ruzilə Möhbalıyeva
Bakı şəhəri 208 №li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini