10 Dekabr - bu gün tarixi bir gündür. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsini böyük zəfərlə başa çatdırdıq. Azərbaycan xalqının uzunmüddətli Vətən həsrətinə son qoyuldu.
2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içdiyini xatırladan Ali Baş Komandan bildirdi:“Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.
Paradda 3000 nəfərdən çox şəxsi heyət,150- yədək hərbi texnika, o cümlədən müasir raket artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də paradda keçid etdi.
44 günlük müharibədə düşmən ordusunda 10 minlərlə fərari olduğu halda, bunun tam əksinə, döyüşə yazılıb öz növbəsini gözləyən minlərlə Azərbaycan oğlu və qızı var idi. Bu da ordumuzu hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri, yüksəklikləri azad etməyə ruhlandırırdı. Hətta yaralı əsgər və zabitlərimiz tezliklə sağalıb geri dönərək öz missiyalarını sona çatdırmaq istəyirdilər.
Məğlub etdiyimiz ordunun silahlarını gördükcə, hər kəsə aydın oldu ki, biz təkcə düşmənə yox, onun havadarlarına da gözdağı vermişik. Bütün dünya Azərbaycan xalqının potensialını gördü.
Aprel döyüşlərində bayrağımız Lələtəpədə dalğalananda Ali Baş komandan xalqa söz verdi ki, bu bayraq Şuşada dalğalanacaq. O, verdiyi sözün üzərində durdu. Belə çətin regionda bu zəfəri qazanmaq sadəcə texnika gücü deyildi, bu ruh gücü idi. Prezidentimizin, əsgərlərimizin, bütün xalqımızın birlik ruhu idi.
Ordularımız bir yerdə, liderlərimiz bir yerdə - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan. Bir millət. Bir siyasi baxış. Azərbaycan - Türkiyə birliyi dünyaya yeni gücün yarandığını göstərdi. Biz bu birlik və qardaşlıq ruhunu güclü tutmalı, inkişaf etdirməliyik.
Uzun illər ərzində Ermənistan bizimlə rəqabət apara bilmədi. Siyasi və diplomatik səylər öz bəhrəsini verdi. Bütün aparıcı Beynəlxaq Təşkilatlar Azərbaycanın ərazi bütovlüyünü tanıdı və bunu dəstəklədi. Bütün dünyaya Qarabağın tarixi ilə bağlı ən dolğun məlumatlar çatdırıldı. Hər kəs anladı ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Zaman itirmək Ermənistanın növbəti faciələrinin müqəddiməsi ola bilər.
Qələbə paradımız erməni silahının, əsgərinin və fikrinin iflasıdır. Qələbə paradımız yeni zəfərlərə, yeni uğurlara cığır açdı. Hər birimiz bu uğurlara gedən yolda “dəmir yumruq” kimi birləşməliyik. Yaşasın Azərbaycan!
Yeganə Orucova
Bakı şəhəri 104 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi