Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb.
İnfoteka.az xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.
Bir neçə gün bundan əvvəl danışıqların birinci mərhələsi baş tutmuşdu. Danışıqlar əvvəl Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr başlasa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin baş qərargahında danışıqlar davam etmişdi. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkiliflər paketini qəbul edib və monitorinqlərin aparılması razılaşdırılıb. Hazırda nümayəndə heyəti Xocalıda əlavə danışıqların aparılmasını planlaşdırır. Monitorinqlərin ən yaxın zamanlarda baş tutması nəzərdə tutulur.
Qeyd edək ki, burada məqsəd Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qanunsuz erməni birləşmələrinin və xarici şirkətlərin qanunsuz olaraq filiz yataqlarının istismarı nəticəsində təbiətə vurulan ziyanın monitorinqidir. Burada xüsusən İsveçrənin “Base Metal” adlı şirkəti vurğulanmalıdır. Azərbaycan mediasında bununla bağlı kifayət qədər məlumatlar oldu. Şirkət faktiki olaraq bir müddətdir ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərir. Eyni zamanda əsas məsələ təbii ki, təbiətə vurulan ziyandır. Çünki təbiətə vurulan ziyanın aradan qaldırılması və sonra böyük vəsait və vaxt tələb edir. Bunun da vaxtında aradan qaldırılması və qarşısının alınması daha effektiv üsul ola bilər. Ona görə bu tip iqtisadi fəaliyyətin Azərbaycan ərazisində həyata keçirilməsi təbii ki, Azərbaycanın dövlət qurumları nəzarət altında baş tutmalıdır. Elə buna görə də Azərbaycanın nümayəndə heyəti danışıqların növbəti mərhələsini keçirməyi planlaşdırır.