Infoteka.az
Siyasət

Baş prokurorun müavini: "Qanunsuz erməni silahlı birləşmə üzvlərinin məsuliyyətə cəlbi üçün mühüm işlər görülüb"

“Təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb”.

İnfoteka.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 30 il öz doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, eləcə də erməni vandalları tərəfindən dağıdılmış tarixi-mədəni, dini abidələrimizin qiymətləndirilməsi, ümumilikdə işğal nəticəsində respublikamıza vurulmuş ziyanın hesablanması, eyni zamanda təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb.

H.Məmmədov bildirib ki, son iki il yarımdan çox müddət ərzində Baş prokuror Kamran Əliyevin peşəkar rəhbərliyi ilə prokurorluqda aparılan müasir dövrün tələblərinə, vətəndaşlarımızın hüquqlarının qorunmasına yönələn geniş miqyaslı islahatlar nəticəsində prokurorluq cinayət təqibinin həyata keçirilməsi zamanı insanların hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: “Aparılan islahatlar nəticəsində prokurorluq cinayət təqibindən kənar sahədə də insanların hüquqlarının qorunması fəaliyyətini uğurla həyata keçirməkdədir. Belə ki, islahatlar çərçivəsində yaradılan Cinayət təqibindən kənar icraatlar idarəsinin uğurlu fəaliyyəti nəticəsində vətəndaşlarımızın inzibati sahədə pozulmuş hüquqlarının müdafiəsi təmin edilməkdədir”.

Infoteka.az