Infoteka.az
Sağlamlıq

Azərbaycan yeni təcili tibbi yardım avtomobillərinin alınmasına 8 milyon manat xərcləyib

İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyinin Azərbaycana gətirdiyi yeni 65 ədəd təcili tibbi yardım avtomobilinə 8 milyon manata yaxın vəsait ödənilib.

İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bu barədə Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, ambulanslar tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, əlçatanlığının və operativliyinin təmin olunması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə alınıb: "Yeni gətirilən avtomobillər müasir tibbi avadanlıqlarla (defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma və s.) təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərindən 37 ədədi sadə differensiallı, 7 ədədi xüsusi 2 differensiallı, 20 ədədi reanimobil ve 1 ədədi perinatal küvəzlidir. Avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Ambulanslar xəstə tibb müəssisəsinə aparılarkən yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib".

A.Əhmədova deyib ki, reanimobil təcili tibbi yardim avtomobilləri vasitəsilə reanimasion briqadası ağır xəstələrin ixtisaslı müalicəsini va reanimasiya tədbirlərini bilavasitə yolda davam etdirməklə onların hadisə yerindən stasionara, yaxud bir stasionardan digərinə təhlükəsiz şəkildə təxliyyəsinə imkan verir: "Perinatal küvəzli təcili tibbi yardım avtomobili isə tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirir".

Agentlik rəsmisi vurğulayıb ki, 2020-ci ildən bu günədək ümumilikdə 249 təcili tibbi yardım avtomobili alınıb.

Xatırladaq ki, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Infoteka.az