Infoteka.az
Siyasət

XİN: Ermənistanın basdırdığı minalar bərpa işlərinə ciddi əngəl törədir

Azərbaycan Avropa Şurası (AŞ) ilə fəal işləyir, AŞ insan haqları, demokratiya, korrupsiya ilə mübarizə, məhkəmə islahatları sahəsində ölkəyə əhəmiyyətli dəstək verib.

İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan və Avropa Şurası arasında 20 illik əməkdaşlığa həsr olunmuş Avropa Şurasının Bakıdakı Ofisi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib ki, keçən illər ərzində Azərbaycan Avropa Şurasının fəal üzvünə çevrilib.

Onun sözlərinə görə, Avropa Şurasının Prezidenti bu ilin aprelində Azərbaycana səfər edib və onun səfəri çərçivəsində Fəaliyyət Planı elan olunub ki, bu sənəddə müxtəlif sahələrdə AŞ ilə əməkdaşlığı əhatə edir: “Fəaliyyət Planında AŞ ilə əməkdaşlığın yeni prioritetləri müəyyənləşib. Burada rəqəmsallaşma, insan haqları, iqlim, insan alverinə qarşı mübarizə və digər məsələlər qeyd olunub. İnsan haqları hökumətin gündəliyində vacib yer tutur və bu istiqamətdə vacib addımlar atılıb. Məhkəmə sistemində vacib islahatlar istiqamətində işlər görülüb və bu davam edir”.

Mahmud Məmməd-Quliyev vurğulayıb ki, 44 günlük müharibədən sonra Azərbaycan işğal altında olan torpaqlarını azad edib və müharibədən sonra bu ərazilərin bərpası və yenidən qurulması ölkənin inkişaf proqramında əsas yer tutur: “Məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə geri qayıtması sülh üçün vacib şərtdir. Ancaq təəssüf ki, bu proses gecikir, çünki Ermənistan tərəfindən bu ərazilərə yerləşdirilmiş minalar bu prosesi gecikdirir, bərpa işlərinə ciddi əngəl törədir. Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələri 25 faiz dəqiqdir. Minatəmizləmə prosesi davam edir, amma biz hələ də itkilər veririk. son iki ildə 268 vətəndaş minaların qurbanı olub, onların bir qismi həlak olub, bir qismi ciddi xəsarətlər alıb. Biz həmçinin, beynəlxalq təşkilatları bu problemin öhdəsindən gəlmək üçün Azərbaycana dəstək verməyə çağırırıq”.

Infoteka.az