Infoteka.az
Dünya

Bacısından Xameneiyə ittiham dolu məktub: “Rejim iranlılara zülmdən başqa heç nə verməyib” - VİDEO

Dekabrın 7-də İranın ali dini rəhbəri Ayətullah Xameneinin doğma bacısı Bədri Hüseyni Xameneinin İran rejiminin ünvanına kəskin ittihamnamə kimi səslənən açıq məktubu yayılıb.

İnfoteka.az xəbər verir ki, “Azad İran” “YouTube” kanalı həmin məktubun mətnini dərc edib.

Məktubunun əvvəlində Bədri Xamenei yazır:

“Lazım bildim ki, qardaşımdan imtina etməklə bərabər, Xomeyninin zamanından tutmuş Əli Xameneinin müstəbid hakimiyyətinə qədər İslam Respublikası rejiminin cinayətləri üzündən yasa batmış bütün anaların dərdinə şərik olduğumu ifadə edim. Mən də İranın bütün yasa batmış anaları kimi övladımdan uzaq düşməyin dərdini çəkirəm”.

İran rəhbərinin bacısı daha sonra yazıb:

“Mən dəfələrlə xalqın haqq səsini qardaşım Əli Xameneiyə çatdırmağı özümə insani borc bilmişəm, lakin onun eşitmədiyini və Xomeyninin günahsız insanları qırmaq və əzmək yolunu davam etdirdiyini görüb onunla əlaqəmi kəsmişəm. Mən əminəm ki, Xomeyninin və Əli Xameneinin rejimləri İrana və iranlılara dərd, əzab-əziyyət və zülmdən başqa heç nə verməyib. İran əhalisi azadlıq və rifaha layiqdir, buna görə də onun öz haqqına çatmaq üçün qiyama qalxması qanuni və zəruridir. Mən xalqın qalib gələcəyinə və İrana hakim kəsilmiş despotizmin devriləcəyinə ümidvaram”. 

Məktubun önəmli məqamlarından biri də budur ki, İran rəhbərinin bacısı qardaşına tabe olan hərbçiləri tezliklə silahı yerə qoymağa və gec olmadan xalqın sıralarına qoşulmağa çağırır.

Infoteka.az