Infoteka.az
Siyasət

Vladimir Uxov: “Heydər Əliyevin mərdliyi, qətiyyətliliyi yaddaşımda qalıb”

“Mənim Heydər Əliyevlə 5 ilə yaxın işləmək şansım olub. Əliyev həmin dövrü “Kreml beşilliyi” adlandırmışdı”.

İnfoteka.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan zaman onun köməkçisi işləmiş Vladimir Uxov deyib.

Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan anım tədbirində iştirak edən 91 yaşlı Vladimir Uxov Heydər Əliyevlə birgə işlədiyi dövrdə hər gün onunla görüşdüyünü və onun tapşırıqlarını yerinə yetirdiyini söyləyib:

“Heydər Əliyevin mərdliyi, qətiyyətliliyi yaddaşımda qalıb. Bu, bir çox ciddi işlərdə özünü büruzə verib. “Admiral Naximov” gəmisi qəzaya uğrayandan sonra üç həftəyə yaxın onunla birlikdə oldum. Ona görə ki, mən özüm ixtisasca dənizçi idim.

O zaman Heydər Əliyevin həmin günlərdə xilas edilənlərə kömək etməyə, yeməklə, yaşayış yeri ilə təmin etməyə çalışdığını gördüm. Həmin vaxt qəzaya uğrayan gəmidəkilərin minlərlə qohumu kiçik Novorossiysk şəhərinə gəlmişdi. Heydər Əliyev həmin günlərdə bu inanların dərdini bölüşür, hamı ilə danışırdı. Özü də sadə mehmanxanada yaşayırdı. Yanında katibliyinin işçisi kimi bir mən, bir də mühafizəçisi var idi. Adi yemək yeyirdi. Həmin vaxt o bütün gücü işə verdi. Həmin gəminin batması onun ürəyində ömürlük iz buraxdı”, - deyə Uxov ümummilli lider Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb.

Infoteka.az