Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandalar bəlli olub.
İnfoteka.az "Report"a istinadən xəbər verir ki, ilk “10-luq”da “Qarabağ” da yer alıb.
Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərindəki 8 oyununda 15 qol, UEFA Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qolla yadda qalıb. Ümumilikdə 14 qarşılaşmada 24 dəfə fərqlənən Qurban Qurbanovun kollektivi “Top-50”nin açıqlandığı siyahının 6-cı pilləsində qərarlaşıb.
Cədvələ 12 oyunda rəqib qapılarına 30 dəfə yol tapan Niderlandın AZ komandası başçılıq edir. İsveç klubu “Yurqarden” 27 qolla ikincidirsə, Türkiyə “Başakşehir”i aktivində 26 topla “ilk üçlüy”ün son sakinidir.
Avrokuboklar mövsümünə birbaşa qrup mərhələsindən başlayan klublardan heç biri ilk “10-luğ”a düşə bilməyib. 11-ci pillədəki PSJ (Fransa) Çempionlar Liqasının qrupundakı 6 matçda 16 qol, 12-ci yeri bölüşdürən “Real” (İspaniya) və PSV (Niderland) 15 qol, 14-cü pilləyə şərik olan “Mançester Siti” (İngiltərə) ilə “Fiorentina” (İtaliya) isə 14 qolla imza atıblar.
1. AZ (Niderland) – 12 oyun / 30 qol
2. “Yurqarden” (İsveç) – 12/27
3. “Başakşehir” (Türkiyə) – 12/26
4-5. “Ballkani” (Kosovo) – 12/25
“Lex” (Polşa) – 12/25
6. “Qarabağ” (Azərbaycan) – 14/24
7-8 “Slaviya” (Çexiya) – 12/23
“Molde” (Norveç) – 12/23
9. “Ferentsvaroş” (Macarıstan) – 12/20
10. “Bazel” (İsveçrə) – 12/18