Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
İnfoteka.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, hazırda dünyanın bir sıra ölkələrində vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bununla bağlı olaraq, ölkə ərazisini yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə AQTA aidiyyəti qurumlarla birgə zəruri tədbirlər həyata keçirir.
Eyni zamanda vətəndaşlara diqqətli olmaq, ölmüş və ya şübhəli quş cəsədləri gördükdə bu barədə Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunub.
Nəzərə almaq lazımdır ki, köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırıb. Vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:
- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın “1003” Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.