Bu il Azərbaycan yanvar-noyabr aylarında qaz ixracını 19 % artırıb.
İnfoteka.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Avropaya 10,3 milyard kubmetr qaz tədarük edilib.
O bildirib ki, bu müddətdə Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz ixrac olunub.
P. Şahbazov vurğulayıb ki, bu dövrdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,2 milyard kubmetr qazla təchiz edib.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Avropa İttifaqına qaz tədarükünü 40 % artıraraq 11,5 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.
Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.