Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kəlbəcər rayonunda baş verən mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
İnfoteka.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından daxil olan müraciətdə deyilir:
"Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib. Belə ki, təmir işləri ilə məşğul olan mülki şəxslər minaya düşdükdən sonra onların təxliyəsi məqsədilə əraziyə gələn hərbçilər də minaya düşüb və onlardan biri aldığı xəsarətlərdən həlak olub.
30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi və nəticədə mülki şəxslərin və hərbçilərin həyatına qəsd edən, onların əlilliyinə səbəb olan bu kimi cinayətkar əməlləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyəti bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq".