"SpaceX" şirkəti mobil cihazların "Starlink"-ə qoşulmalarını Wi-Fi şəbəkəsinə qoşulma səviyyəsində sadələşdirmək niyyətindədir. Buna görə də şirkət "Starlink" peyklərinin sözügedən imkanı yaradacaq müvafiq texnologiyalar ilə təchiz olunmaları üçün sorğu göndərib. Bununla yanaşı şirkət mobil cihaz istifadəçilərinin hansı üstünlükləri əldə edəcəkləri barəsində məlumat da verib. Əgər ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) "SpaceX" şirkətinə bu məsələ ilə bağlı lisenziyanı təqdim etsə, şirkət artıq gələn ildən başlayaraq 7500 ədəd Starlink Gen v2 peykindən ibarət qruplaşmanı yaratmağa başlayacaq.
Bunun nəticəsində smartfonlar heç bir xüsusi təchizat olmadan birbaşa peyk şəbəkəsinə qoşula biləcəklər. Şirkətin verdiyi məlumata əsasən bu halda istifadəçilər məlumatların yüklənməsi məsələsində saniyədə 3 Mbit sürət əldə edə biləcəklər. Nəzəri cəhətdən pik sürət göstəricisi saniyədə 7 Mbit təşkil edə bilər. Şirkət smartfonların birbaşa peyk şəbəkəsinə qoşulma mexanizmi barəsində ətraflı məlumat verməyib. Lakin çox güman ki, bu məsələdə mobil operatorların imkanlarından istifadə ediləcək. "SpaceX"-dən bildirilib ki, əgər hər şey plan üzrə getsə, artıq 2023-cü ildən başlayaraq "T-Mobile" operatorunun istifadəçiləri əvvəllər internet şəbəkəsinin olmadığı yerlərdə onu əldə edə biləcəklər.