"Azərbaycanda COVID-19 virusunun müalicəsi məqsədilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək".
İnfoteka.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O, bununla bağlı TƏBİB tərəfindən layihə hazırlandığını bildirib: "Virus ölkədə yayılanda cənab Prezidentin tapşırığı ilə ölkədə modul tipli xəstəxanalar inşa olundu. Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul xəstəxanaları ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul tipli xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".