Infoteka.az
Siyasət

Cəbrayılın azad olunması

Tarix boyu Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasəti milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişələr Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi. Ermənistanda yaşayan azərbaycanlılar öz doğma yurdlarından dəfələrlə deportasiya olundular. SSRİ-nin dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşdi. Ermənistandan göndərilən silahlı qruplar və terrorçular öz cinayətkar fəaliyyətini genişləndirirdilər. Əsassız ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı.

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Müdafiə Nazirliyinin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu sahədə heç bir iş görmədi. Vəziyyət çox gərgin idi. Xalq çıxış yolunu Ulu Öndərimizin hakimiyyətə gəlməsində görürdü.

Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dən çox yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. Bütün bunlara rəğmən dünya təşkilatları, dünya ictimaiyyəti bunlara göz yumurdu.

1994-cü il yanvarın 5-də Azərbaycan ordusu Füzuli rayonunun Horadiz qəsəbəsini,  22 kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bir hissəsini, strateji yüksəklikləri geri qaytardı. I Qarabağ müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı. 1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2003-cü ildə İlham Əliyev MİNSK qrupunun həmsədrlərini qəbul edərkən “Azərbaycanın bir addım da geri çəkilməyəcəyini və bir qarış ərazi güzəştə getməyəcəyini bildirdi”.

2016-cı il  Böyük Zəfərin başlanğıcı-Aprel döyüşləri başlandı. Ermənilərin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ən əsası Cəbrayıl, Füzuli və Tərtər rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Lələtəpə yüksəkliyi, Füzuli rayonunun İranla sərhəd ərazilərinin təhlükəsizliyi təmin edildi.

2020-nin iyul ayında Ermənistan hərbi birləşmələri Tovuz istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdi, lakin düşmən layiqli cavabını aldı. 2020-ci il  sentyabrın 27-də təcavüzkar Ermənistan Azərbaycan ordusunun mövqelərini Cəbrayıl, Ağdam, Tərtər rayonlarının kəndlərini atəşə tutdu. Həmin gün Azərbaycan ordusu “Dəmir yumruq” əməliyyatına başladı. 2020-ci sentyabrın 28-də Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi. Oktyabrın 3-də şimal cəbhəsində Madagiz-yəni Suqovuşan azad oldu. Cənub cəbhəsində isə oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini azad etdi. Cəbrayıl şəhəri düşməndən azad edilmiş ilk şəhər mərkəzi oldu. İlham Əliyev öz sosial media hesabından Azərbaycan xalqına müjdəli xəbər verdi: “Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”

Cəbrayıl raonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə bir şəhər, 80 kənd işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini də xüsusi diqqətdə saxlayırdı.

2020-ci il oktyabrın 18-də Cəbrayıl ərazisində yerləşən Xüdafərin körpüsünün düşməndən azad edilməsi və Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağının ucaldılmasının böyük tarixi və siyasi əhəmiyəti olduğunu bildirmişdir.

2020-ci il noyabrın 26-da”Cəbrayılın azad olunmasına görə “ medalı təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu ”Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Eyni zamanda, P.İsmayılov adına 278 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elşən Cəfərov da II Qarabağ müharibəsində iştirak etmiş və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məktəbimiz bu müharibədə üç şəhid vermiş, iki nəfərimiz sağ-salamat qayıtmışdır.

İndi gözəl Cəbrayılımızda quruculuq işləri aparılır. Prezidentimiz Cəbrayıla dörd dəfə səfər etmişdir. Bu səfərlərdə məqsəd azad olunmuş dilbər guşəmizdə quruculuq işləri ilə tanış olmaqdır. Prezidentimiz Azərbaycan xalqının tarixində “Qurucu Prezident” olaraq özünə layiqli yer qazanmışdır.

 Dünya dövlətlərinin ermənipərəst açıqlamaları, təzyiqləri, sanksiyaları bizi haqq işimizdən döndərə bilmədi. Əksinə xalq öz Prezidentinin ətrafına sıx “Dəmir yumruq” kimi birləşərək bir daha Azərbaycan xalqının nə qədər mərd, əzmkar, qürurlu xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu “Dəmir yumruq” düşmənin belini qırdı düşmənin başını əzdi. Bu şanlı qələbənin Azərbaycan ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu qələbə sevincini xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev yaşatdı.

Biz sizinlə fəxr edirik- Müzəffər Ali Baş Komandan!

 

Məlahət Əliyeva

Suraxanı rayonu P.İsmayılov adına  278 nömrəli tam orta məktəbin direktoru

Infoteka.az