İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür.
"Report" İran və xarici KİV-lərə istinadən xəbər verir ki, etirazlar zamanı 69-u yeniyetmə olmaqla 503 nəfər öldürülüb.
Sentyabrın 17-dən dekabrın 19-dək 18 452 etirazçı həbs edilib. Onlardan yalnız 3 976 nəfərin kimliyi açıqlanıb. Həbs edilənlərin 652-si tələbədir. Tələbələrin iştirakı ilə şəhər və universitetlərdə 1 192 genişmiqyaslı etiraz aksiyası keçirilib.
Aksiyalarda 40 xarici ölkə vətəndaşı həbs edilib. Onlar iğtişaş yaratmaqda, İran əleyhinə fəaliyyət göstərməkdə ittiham olunurlar.
Son 100 gündə İranın bütün bölgələrində aksiyalar keçirilib. Etirazlar Güney Azərbaycanın şəhərlərində geniş yayılıb, soydaşlarımız küçələrə çıxaraq rejimə etiraz ediblər. Bu proses səngimək bilmir, əksinə, getdikcə daha da güclənir. Güney azərbaycanlılar əsasən “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirirlər.
Aksiyalarda, əsasən, “Qadın, həyat, azadlıq!”, “Yoxsulluq, korrupsiya, bahalıq, biz hakimiyyəti devirəcəyik!”, “Qana susamış Xameneiyə ölüm!”, “Xameneiyə ölüm, Xameneiyə lənət!”, “Biz mübarizə aparacağıq, öləcəyik, İranı geri qaytaracağıq!”, “Diktatora ölüm!”, “SEPAH-a ölüm!”, “BƏSİC-ə ölüm!”, “Körpə qatili hökumətə ölüm!”, “Yoldaşlarımın qanına and olsun, mübarizəni sonadək aparacağıq!”, “Qəddar Xamenei, səni torpağa basdıracağıq!”, “İllərlə cinayət edən belə rəhbərə lənət olsun!” və başqa şüarlar səsləndirilib.
Son hadisələr arasında ən vaciblərindən biri İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı qızı, hazırda Tehran əyalətinin Vəramin şəhərindəki Karçak həbsxanasında cəza çəkən Fəridə Muradxaninin hüquqlarının pozulması və saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyası keçirməsidir. Bu barədə onun qardaşı Mahmud Muradxani tviter səhifəsində yazıb. O, Fəridə Muradxaninin ev dustaqlığına buraxılmasını tələb etdiyini də bildirib.
Qeyd edək ki, F.Muradxani noyabrın 23-də 15 il müddətinə azadlıqdan məhrum edilib.