"Bu bilet satmaq üçün yox, "Azal” və "Buta”nın imicini düzəltmək üçün atılmış bir addım idi. Guya bizdə də ucuz biletlər almaq mümkündür. Çox təəssüf ki, biz bunun əksini gördük”.
İnfoteka.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamsında iqtisadçı ekspert Natiq Cəfərli ''Buta'' hava yollarının 29 avrodan satışa çıxardığı 10 min aviabiletə aydınlıq gətirərkən deyib. Natiq Cəfərli hesab edir ki, 10 min bilet satışı kampaniyası insanlarda ciddi narazılıq yaradıb:
"Bu, çoxdan düşünülmüş və bir çox ölkələrdə tətbiq olunan bir piar aksiyasıdır. "Azal”, "Buta” hava yollarının biletləri çox tənqid olunur. Biletlərin baha olması ilə bağlı həddindən artıq yüksək narazılıq var. Bu, xəbəri informasiya məkanına atmaqla "biz ucuz bilet satırıq” imicini yaratmaq, həmçinin "ucuz qiymətə bilet var” piarını aparmaq üçün atılmış bir addım idi”.
Natiq Cəfərli bildirib ki, bu kampaniyada iki məqsəd var:
"1. Sistemə həddindən artıq insanlar giriş edəndə sistem dözməyib, çökür. Buna inanmaq inandırıcı deyil. 2. Ya da belə bir piar kampaniyasından sonra özləri müəyyən məhdudiyyətlər qoyaraq həmin biletləri bəzi "Azal”a bağlı olan şirkətlərə satılıb.
Nəticə etibarı ilə belə bir piar kampaniyasını boşa getdi. Bu da insanlarda daha çox narazılıq və suallar yaratdı. Əgər bu, normal təşkil olunsaydı, fəaliyyəti normal olsaydı, bu qədər narazılıq da olmazdı. Özü də söhbət bir neçə ay bundan sonraya satılan biletlərdən gedir”.
Qeyd edək ki, ''Buta'' hava yolları 10 min aviabileti endirimli qiymətlərlə satışa çıxarıb. Ən ucuz aviabilet 29 avrodan başlayır. Bilet almaq istəyənlərin böyük əksəriyyəti isə sistemə giriş edə bilməyib.