Infoteka.az
Siyasət

Xalqın çağırışı ilə Ümummilli Liderin 1993-cü ildə Bakıya gəlişi Vətənin xilası, xalqın qurtuluşu idi.

“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” - Heydər Əliyev

Müstəqil dövlətçiliyimizin həyatında əlamətdar günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. 1993-cü ildə keçirilmiş Prezident seçkiləri Azərbaycan xalqı ücün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur.

Bu seçkilərdə Azərbaycan xalqı doğru seçim edərək yüksək səs coxluğu ilə öz böyük oğlunu, Heydər Əliyevi Prezident seçmiş və həmin seçimlə də bugünkü Azərbaycan dövlətinin təməli qoymuşdur.

 Heydər Əliyev ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirdi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilmiş, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılmışdır və 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olmuşdu. Ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter almış, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilmişdir.

Xalqın çağırışı ilə Ümummilli Liderin 1993-cü ildə  Bakıya gəlişi Vətənin xilası, xalqın qurtuluşu idi. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgər bu əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ulu öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratiya yolunda inamla irəliləyən və qalib bir ölkə kimi fəxrlə danışa bilməzdik.

Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərimiz, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub. Ümummilli lider Heydər Əliyevin çıxışlarında vəsiyyət etdiyi kimi bu gün Şuşaya da, Laçına da, Ağdama da, Füzuliyə də,Cəbrayıla da, Zəngilana da, Qubadlıya da, Kəlbəcərə də gedirik və bayramlarımızı orada qeyd edə bilirik.

 

Rəşid Heydərov

Suraxanı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

Infoteka.az