Infoteka.az
Siyasət

4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gündür

2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Artıq Cəbrayılda üçrəngli müqəddəs Azərbaycan bayrağı dalğalanır. Elə bu məqamda İşğal illərində Cəbrayıl tamamilə dağıdılıb, orada yalnız işğalçı ölkə hərbçilərinin istifadə etdiyi tikili və qurğular, qərargah binası mövcud olub.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. Kəndin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olub. Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.

Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar vardır.

1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna işğal nəticəsində 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geridönməz xoşgünlər, əvəzsiz xatirələr. Ermənilərin ölümə, işgəncəyə həsr etdiyi ünvanlarda körpə gülüşü, toylar-düyünlər olub bir zamanlar. Cəbrayılı görmədən bu dünyaya gözlərini əbədi yuman cəbrayıllılar olub…

Cəbrayıl rayonundan olan məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni təcavüzkarlarından azad edərək işğala son qoydu. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıla səfəri çərçivəsində Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Azərbaycan Ordusu tərəfindən bir il əvvəl işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır.

Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət başçısı görülən və görüləcək işlərə nəzər salaraq bildirib ki, Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir.

Onu da qeyd etmək lazımdır ki, cənab Prezidentin səfəri çərçivəsində Cəbrayıl yarımstansiyası da istifadəyə verilib. Eləcə də, ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyulub. Dövlət başçısı Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını da edib. Bütün bunlar dünyaya bir mesajdır. Müasir, inkişaf etmiş Azərbaycanın potensialının, gücünün bir nümunəsidir.

Bu gün Qarabağın bütün rayonlarında olduğu kimi Cəbrayılda da tikinti-quruculuq işləri davam edir. Cəbrayıl əhalisi səbirsizliklə öz dədə-baba yurdlarına qayıtmaq, doğma eldə yaşayıb-yaratmaq üçün qayıdacağı günləri səbirsizliklə gözləyir.

 

Sədai Vəlibəyli

Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi

Infoteka.az