İranda etirazlarda 507 nəfər həlak olub.
İnfoteka.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.
Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən az olan şəxslərdir.
Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 533 nəfər həbs olunub. Onlardan 4 108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 665 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.
Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 66 nümayəndəsi öldürülüb.
Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.