Azərbaycanda əsrlər boyu yəhudilər və azərbaycanlılar sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və yaşamaqda davam edirlər.
İnfoteka.az xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova dekabrın 28-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşərkən bildirib.
Cari il noyabrın 18-də Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması haqqında qanunun qəbul edildiyini xatırladan Milli Məclisin sədri deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu söyləyən Sahibə Qafarovanın sözlərinə görə, bu illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər müstəsna rol oynayır.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-İsrail münasibətlərindən danışarkən, vurğulanmalı olan ən mühüm amillərdən biri də insanlar arasında təmaslardır. Azərbaycanda əsrlər boyu yəhudilər və azərbaycanlılar sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. İsraildəki Azərbaycan diasporu, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verirlər.
Parlamentlərarası əlaqələrdən danışan spiker Sahibə Qafarova bildirib ki, qanunverici orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Milli Məclisin sədri, İsraildə keçirilən sonuncu parlament seçkilərinə qədər hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, onların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynadığını bildirib və ümidvar olduğunu diqqətə çatdırıb ki, İsrail parlamentinin yeni tərkibində də Azərbaycanla dostluq qrupu tezliklə yaradılacaq və bu əlaqələr genişlənərək davam edəcək.
