Infoteka.az
Sağlamlıq

Səhiyyə Nazirliyi: "Azərbaycanda qrip virusunun yayılması istisna olunmur"

“Bu günə qədər yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkar edilməyib. Lakin bir sıra, o cümlədən ətraf ölkələrdə mövsümi qrip infeksiyası yayılıb və bunun Azərbaycanda da yayılması istisna olunmur”.

İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, kəskin respirator viruslar çoxsaylıdır, onların biri və ya bir neçəsi fərqli ştamlarla payız-qış aylarında təkrarlanır: “Soyuq havalarda bu tip infeksiyaların yayılması üçün əlverişli şərait insanların daha çox qapalı məkanlarda toplanması və yaxın təmasların artması, otaqların daha az havalandırılması, fəsli olaraq immunitetin bir qədər zəifləməsidir”.

İnfeksionist vurğulayıb ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa eyni vaxtda və ya sonradan yeni yoluxma ilə əlaqəli ola bilər: “Bütün bu neqativ hallardan sığortalanmaq üçün qoruyucu tədbirlərə əməl etməklə yanaşı sağlam həyat tərzi sürməli, zərərli vərdişlərdən uzaq olmalı, stresslərdən qorunmalı, təbii qidalanmalı və havanın temperaturuna uyğun geyinmək lazımdır”.

Nazirlik rəsmisi söyləyib ki, indiyənədək yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkar edilməyib: “Lakin bir sıra, o cümlədən ətraf ölkələrdə mövsümi qrip infeksiyası yayılır və bunun Azərbaycanda da yayılması istisna olunmur.

Koronavirus pandemiyası dövründə yanaşı olaraq mühitdə qrip virusunun da olması bir sıra arzuolunmaz fəsad və nəticələrə səbəb ola bilər. Bunu nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə peyvəndlər əldə edilərək artıq ailə sağlamlıq mərkəzlərinə paylanılıb. İlk növbədə kiçik yaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sisteminin xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə olunur. Hər bir vətəndaş öz istəyi ilə yaşadığı ərazi üzrə Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edərək peyvənd oluna bilər. Peyvəndlər kifayət qədər təhlükəsiz və effektivdir”.

Infoteka.az