Infoteka.az
Dünya

BMT Baş katibi: "2023-cü ildə sülhə həmişəkindən daha çox ehtiyacımız olacaq"

"Hər Yeni il yenidən doğuş anıdır. Köhnə ilin külünü çırpıb daha parlaq günə hazırlaşırıq".

İnfoteka.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Yeni il təbrikində bildirib.

O qeyd edib ki, 2022-ci ildə dünyada milyonlarla insan sözün əsl mənasında külü təmizləyib:

"Ukrayna, Əfqanıstan, Konqo Demokratik Respublikası və digər ölkələrin sakinləri daha yaxşı yaşamaq üçün məhv olmuş evləri və həyatlarını tərk edib. Dünyada yüz milyon insan müharibələr, meşə yanğınları, quraqlıq, yoxsulluq və aclıq səbəbindən öz doğma yurdlarını tərk ediblər".

Baş katib vurğulayıb ki, 2023-cü ildə sülhə həmişəkindən daha çox ehtiyac olacaq: "Münaqişəyə son qoymaq üçün dialoq yolu ilə bir-birimizlə əldə etdiyimiz sülhə. Daha dayanıqlı dünya qurmaq üçün təbiətimiz və iqlimlə qurduğumuz sülhə. Qadın və qızların ləyaqətlə və təhlükəsizlik içində yaşaması üçün evimizdə yaratdığımız sülhə. İnsan hüquqlarının tam qorunması ilə küçələr və icmalarımızda bərqərar olan sülhə. Bir-birimizin inancına hörmət etməklə, ibadət yerlərində qorunan sülhə. Və internetdə nifrət nitqi və sui-istifadənin olmadığı sülhə".

A.Quterreş həmçinin dünya ölkələrinə çağırış edib: "Gəlin 2023-cü ildə sözlərimiz və əməllərimizlə sülhə xidmət edək. Gəlin birlikdə 2023-cü ili həyatımız, evlərimiz və dünyamızda sülhün bərpa olunduğu bir il edək".

Infoteka.az