Infoteka.az
İdman

Prezident İlham Əliyev Firdovsi Umudovu təltif edib

 Prezident İlham Əliyev idmanda göstərdiyi xidmətlərə görə bir neçə şəxsi “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif edib.

İnfoteka.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların arasında əməkdar məşqçi Firdovsi Umudov da var. 

Azərbaycan idmanında göstərdiyi xidmətlərə görə bir neçə dəfə təltif edilən Umudov bu dəfə də ölkə başçısı tərəfindən mükafatlandırılıb. 

F.Umudov Azərbaycan güləşinə verdiyi töhfələrlə daim diqqət mərkəzində olub.

Firdovsi Umudov 1993-2005-ci illərdə Azərbaycan sərbəst güləş yığmasının heyətində dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi, Avropa çempionatının bürünc mükafatçısı, tələbələr arasında dünya çempionatının gümüş mükafatçısı, Dünya Kubokunun qalibi olub. 2005-2008-ci illərdə yeniyetmələrdən ibarət sərbəst güləş yığmasının məşqçisi və baş məşqçisi olub. 2008-2016-cı illərdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi olaraq çalışıb. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib. 2016-2018-ci illərdə Azərbaycan güləş yığmasının baş məşqçisi, daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub.

Azərbaycanın əməkdar məşqçisi və idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Onun rəhbərliyi altında güləşçilərimiz dünya və Avropa çempionatları, Olimpiya Oyunları və Dünya Kuboku yarışlarında dəfələrlə fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Prezident İlham Əliyevin Sərəncamları ilə 2012-ci ildə "Şöhrət" ordeni, 2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu", 2016-cı ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

2002-ci ildən etibarən  Dövlət Sərhəd Xidmətinin əməkdaşıdır. “Sərhədçi” İdman Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidentidir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, “Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalı ilə, 2022-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Polkovniki hərbi rütbəsi ilə təltif olunub. Xidmət dövründə həmçinin digər medal və fəxri fərmanlara da layiq görülüb.

Qeyd edək ki, sərbəst güləş üzrə dünyanın ən yaxşı məşqçisi seçilmiş yeganə azərbaycanlı mütəxəssis olan Firdovsi Umudov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı digər sərhədçilər kimi komandanlığın tapşırıqlarına əsasən ön və arxa cəbhədə öz vəzifə borcunu şərəflə yerinə yetirib. Vətən müharibəsi iştirakçısıdır.

 

Infoteka.az