Infoteka.az
Sosial

Baş Prokurorluq uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynlərə müraciət edib

"Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqların təlim-tərbiyəsində aidiyyəti təhsil ocaqlarının vəzifəli şəxslərinin məsuliyyəti olması ilə yanaşı valideynlərin də məsuliyyətli olduğunu xatırladaraq bu mühüm məsələyə lazımi diqqətin göstərilməsinin vacibliyini vurğulayır".

Bu sözlər Baş Prokurorluğun mətbuat xidmətindən İnfoteka.az-a daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, prokurorluq orqanları tərəfindən azyaşlıların hüquqların müdafiəsi, xüsusilə onların məişətdə ailə üzvləri tərəfindən və ictimai yerlərdə, o cümlədən təhsil ocaqlarında digər uşaqlar tərəfindən zorakılığa (bullinqə) məruz qalmasının qarşısının alınması və bu cür qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üçün məqsədli tədbirlər davam etdirilir.

Bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılmış videogörüntü ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlərlə yanaşı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb:

"Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib. Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib".

Infoteka.az