Tarixin ən böyük futbolçusu sayılan Pele 82 yaşında Braziliyada vəfat edib.
Bu məşhur braziliyalı bir çox şərhçilər və azarkeşlər üçün futbolun ən parlaq təcəssümü və tarixin ən yaxşı oyunçusudur. O öz vətənində milli qəhrəmana, dünyada isə milyonların idman kumirinə çevrilib.
İngiltərə millisinin və "Manchester United"-in keçmiş kapitanı Bobby Charlton bir dəfə demişdi ki, futbol Pele üçün icad edilib.
Həqiqətən də, bir çox şərhçilər və azarkeşlər üçün bu məşhur braziliyalı futbolun ən parlaq təcəssümü və tarixin ən yaxşı oyunçusudur. Futbol meydançasında ildırım sürətiylə hərəkət etməsi qapıya vurduğu zərbələrin öldürücü dəqiqliyi ilə birləşirdi.
Pele təkcə idmançı yox, həm də ətraf mühiti və yoxsulların həyatını yaxşılaşdırmaq üçün mübarizə aparan ictimai xadim idi. O öz vətənində milli qəhrəmana, dünyada isə milyonların idman kumirinə çevrilmişdi.
Ulduzun doğulması
Braziliya futbolunun uğurunu alovlu cənub temperamenti, yeniyetmələrə il boyu top oynamağa imkan verən isti iqlim və əhalinin böyük hissəsinin yoxsulluğuyla əlaqələndirirlər. Sadə ailələrdə böyüyən hər bir oğlan uşağı bilirdi ki, onun üçün yüksəlməyin ən etibarlı yolu yaxşı futbolçu olmaqdır.
1940-cı ildə Braziliyanın cənub-şərqindəki Tres Korasoyns şəhərində anadan olmuş Edson Arantes do Nasimento da məhz bu yolu seçmişdi.
Sənədlərində doğum tarixi 21 oktyabr göstərilən Pele təkidlə dünyaya iki gün sonra gəldiyini bildirir, "Biz Braziliyada dəqiqliyə görə özümüzü incitmirik" deyirdi.
Valideynləri ona amerikalı ixtiraçı, "elektrik kralı" Thomas Edison-un adını qoymuşdular, çünki Pele doğulmazdan az əvvəl onların evinə işıq çəkmişdilər. Amma "Edison"un "i"-sinin niyə ixtisara salındığı məlum deyil.
Sonra ailə Bauru şəhərinə köçüb, orda Pele kafedə işləyib. Futbol oynamağı ona atası öyrədib, amma valideynləri o qədər kasıb olublar ki, top ala bilməyiblər və gələcək dünya çempionu cır-cındırla doldurulmuş köhnə corabı təpikləyərək məşq edib.
Sadəcə Pele
Bu ləqəbi ona məktəb yoldaşları vermişdilər və nə onlar, nə də Pele özü bunun nə demək olduğunu izah edə bilmirdilər.
O, ləqəbini bəyənmirdi, çünki bu söz azyaşlı uşaq danışığını təqlid edən portuqal sözünə bənzəyirdi.
Yeniyetməykən Pele yerli həvəskar komandalarda oynamağa başlayır.
O vaxt Braziliyada qapalı meydançalarda oynanan futbol populyarlaşmaqdaydı və gənc Pele onu stadion futbolundan daha çox bəyənirdi.
"Qapalı meydançada mən özümü suda balıq kimi hiss edirdim. Orda daha tez düşünmək lazımdır", - Pele həmin dövrü belə xatırlayırdı.
O, Minas-Jeras ştatının üç çempionatında şəhərin "Atletik" klubunun yeniyetmələrdən ibarət komandasının kapitanı kimi iştirak etmişdi və parlaq istedadı da elə o vaxt bəlli olmuşdu.
1956-cı ilin iyununda məşqçi Valdemar de Brito 15 yaşlı Peleni peşəkar "Santos" klubuna dəvət edərək klubun direktorlarına bu oğlanın dünyanın ən yaxşı futbolçusu olacağını demişdi.
Sürətli yüksəliş
Bir il sonra Pele "Santos"un əsas heyətinə daxil edilir, elə ilk oyundaca qol vurur və mövsümün sonuna qədər Braziliya futbol liqasının bombardiri olur.
10 aydan sonra onu milli komandaya qəbul edirlər.
Rio-de-Janeyrodakı "Marakana" stadionunda Argentinaya qarşı oyun Pelenin ilk beynəlxalq matçı olur. Həmin oyun 1:2 braziliyalıların məğlubiyyətiylə nəticələnir.
O yeganə qolu Pele vurmuş və futbol tarixinə milli komandaların bunu bacarmış ən gənc oyunçusu kimi düşmüşdü.
İdman rəhbərləri onu 1968-ci ildəki Dünya Çempionatına aparmaq istəməmişdilər, çünki bir az əvvəl Pele dizindən zədə almışdı. Ancaq gənc futbolçunun komanda yoldaşları onları razı sala bilmişdilər. Pelenin mundiallarda ilk oyunu isə SSRİ yığmasına qarşı olmuşdu.
Dünya zəfəri
Uels millisiylə 1/4 final matçında Pele rəqibin qapısına zərbə endirərək növbəti rekorda imza atır - indi o, Dünya Kubokunda qol vuran ən gənc futbolçuydu.
Braziliyalıların 2:1 hesabıyla Fransaya qalib gəldiyi yarımfinalda isə o, ikinci qolu vuraraq komandasının qələbəsini təmin edir.
Finalda - İsveçə qarşı oyunda Pele iki qol vurur. Braziliyalılar 5-2 hesabı ilə qalib gələrək ilk dəfə dünya çempionu olurlar. Sonrakı illərdə onlar daha dörd dəfə Dünya Kubokunu qazanaraq tarixin ən uğurlu futbol komandasına çevrilirlər.
Evə qayıdandan sonra Pele "Santos"la birlikdə Braziliya çempionluğunu qazanır və növbəti dəfə liqanın bombardiri olur. O, həmin çempionatda 58 qol vurmuşdu və bu nəticə hələ də Braziliya milli çempionatlarının rekord göstəricisi olaraq qalmaqdadır.
1962-ci ildə "Santos" Portuqaliyanın "Benfika"sına qarşı tarixi matçda qalib gəlir. Həmin oyunda Pele üç qol vurur.
"Mən bu böyük insanı dayandıracağıma ümid edirdim, amma bizdən fərqli olaraq, başqa planetdə doğulmuş adam məni üstələdi", - qapıçı Kosta Pereyra oyundan sonra belə demişdi.
"Manchester United" və "Real Madrid" də daxil olmaqla, bir-biriylə yarışan bütün varlı klublar dünyanın bu ən yaxşı futbolçusunu əldə etməyə çalışıblar. Buna cavab olaraq, Braziliya hökuməti xüsusi fərmanla Peleni milli sərvət elan edib və ona xarici klublarda oynamağı qadağan edib.
Arzuların komandası
1962 və 1966-cı illərin dünya çempionatlarında Pele tam gücüylə oynaya bilməyib. Çünki bütün komandaların müdafiəçiləri sərt və kobud şəkildə onun qarşısını kəsməyə çalışırdılar və aldığı zədələrə görə Pele həmin çempionatlarda axıra qədər iştirak edə bilməmişdi.
Amma 1970-ci ildə Meksikada keçirilən dünya çempionatı 30 yaşlı bombardir üçün həqiqətən də triumf oldu. İtaliyayla final oyunu da daxil olmaqla, Pele bu çempionatda dörd qol vurur,
Braziliya millisi üçüncü dəfə Jül Rime kubokunu alır və onu əbədi olaraq özündə saxlamaq hüququ qazanır.
O komanda Braziliya futbolu tarixində ən güclü tərkib hesab olunur. Peleylə birlikdə həmin komandada Jairzinyo və Rivelino kimi dünya ulduzları oynayıb.
Hazırda Pele hələ də milli komandanın tərkibində üç dəfə dünya çempionu olmuş yeganə futbolçu olaraq qalmaqdadır.
1969-cu ildə Pele özünün 1000-ci qolunu vurur. Azarkeşləri bu qolun gözəl bir kombinasiya nəticəsində yox, penaltidən vurulmasına bir az təssüflənirlər.
Tarixin ən böyük idmançısı
Pele peşəkar karyerası ərzində 1363 matçda 1281 qol vurub - "Santos"un heyətində 1116 oyunda 1091, millidə isə 92 matçda 77 qol. İkincisi dünya rekordudur.
Onu meydanı qolsuz tərk etməyən futbolçu adlandırırdılar.
1999-cu ildə BOK Peleni tarixin ən böyük idmançısı elan edib. FİFA-nın versiyasına görəsə o, 20-ci əsrin ən yaxşı futbolçusudur və bütün dövrlərin simvolik dünya komandasının üzvü sayılır.
Pele Braziliya millisinin heyətində son dəfə 1971-ci il iyulun 18-də - Rio-de-Janeyroda Yuqoslaviya komandasına qarşı oynayıb, "Santos"un heyətindəki son matçı isə 1974-cü ildə olub.
Məişət çətinlikləri
1960-cı illərin ortalarında Pele ciddi maddi problemlərlə üzləşib və borca düşüb - özünün dediyinə görə, pis maliyyə məsləhətçiləri ucbatından.
Həmin vaxt Braziliyada hakimiyyətdə olan hərbçilər solçulara simpatiyasına görə ona qarşı araşdırma başladıblar.
1975-ci ildə Pele gözlənilmədən Nyu-Yorkun "Kosmos" klubuyla müqavilə imzalayıb və o dövrdə dünyanın ən yüksək maaş alan futbolçusu olub. Məşhur futbolçu maliyyə vəziyyətini yaxşılaşdırmaq və ABŞ-da "bu gözəl oyunu" populyarlaşdırmaq üçün belə bir addım atdığını deyib.
O vaxta qədər ABŞ-da yalnız Amerika futbolu (sokker) vardı və bu oyunun Avropa futboluna çox az oxşarlığı vardı.
1976-cı ildə "Kosmos" Şimali Amerika Futbol Liqasının çempionluğunu qazanıb, Pelenin sayəsində klubun matçlarına baxmağa gələnlərin sayı on dəfə artıb.
Pele sonuncu dəfə meydana 1 oktyabr 1977-ci ildə - "Kosmos"la öz doğma komandası "Santos" arasındakı yoldaşlıq görüşündə çıxıb və oyunun birinci hissəsini "Kosmos"un, ikinci hissəni isə "Santos"un heyətində oynayıb.
Nazir, səfir və qlobal brend
Pelenin adını futbolla heç maraqlanmayanlar da eşidiblər.
İdmandan ayrılandan sonra o öz ləqəbini ticarət nişanına çevirib və bir dəfə zarafatla deyib ki, dünyada həqiqətən yalnız üç böyük brend var: İisus, "Coca-Cola" və "Pele".
1990-cı illərdə Pele BMT-nin Ətraf Mühit üzrə səfiri, 1995-1998-ci illərdə isə UNESKO-nun xoşməramlı səfiri olub, Braziliyanın idman naziri vəzifəsində çalışıb, futboldakı korrupsiyayla mübarizə aparmağa cəhd edib.
1981-ci ildə Sylvester Stallone və Michael Cain-lə birlikdə "Qələbəyə doğru qaçış" adlı Hollivud filmində oynayıb.
Pelenin ictimai fəaliyyəti Rio-de-Janeyroya 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnun verilməsində mühüm rol oynayıb.
1998-ci ildə Kraliça II Elizabeth Buckingham sarayında keçirilən mərasimdə ona Britaniya İmperiyası ordeninin komandiri rütbəsini verib, baxmayaraq ki, britaniyalı olmadığına görə Pele "ser" prefiksindən istifadə edə bilməyəcəkdi.
Pele üç dəfə evlənib, beş övladı var. Futbolçunun macəraları və qeyri-qanuni uşaqları haqqında şayiələr dolaşsa da, deyilənlərlə bağlı heç bir dəlil yoxdur.
Ömrünün son illərində bud sümüyünün boynundan əməliyyat olunan Pele əlil arabasında hərəkət edib.
Amma insanlar onu başqa cür xatırlayırlar. Pelenin idman dühası milyonlara sevinc bəxş edib; ona həm pərəstişkarları, həm də rəqibləri dərin hörmət bəsləyiblər.
"Peleni sadəcə böyük idmançı hesab etmək olmaz, o, daha yüksəkdəydi" - məşhur mərkəz hücumçusu, macar Ferenc Puskas belə deyib.
Pelenin unikal istedadının mahiyyətini isə yəqin ki, hamıdan yaxşı Nelson Mandela izah edib:
"Biz onun oyununu izləyəndə uşaq həvəsiylə yetkin kişiliyin vəhdətini görürdük".
Allah rəhmət eləsin !