Infoteka.az
Mədəniyyət

Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 85 il ötür

Yanvarın 10-da bəstəkarın anadan olmasının 85-ci ildönümü tamam olur.

Əsl nəğmələr heç vaxt unudulmur. Dinləyicidə elə təəssürat oyadır ki, bu mahnılar bir müəllifin, bir bəstəkarın, bir sənətkarın ürəyindən qopub gəlməyib. Səsləndikcə hamının hissinə toxunur, hamının qəlbini ovsunlayır. Onun yaradıcılıq məhsulu olan mahnıların hamısı belədir: qəlb ovsunlayır, ruhu sakitləşdirir, duyğulara hakim kəsilir. Bu nəğmələrin mənəviyyatın zənginləşməsi, duyğularının kamilləşməsində əvəzsiz rolu var. Əbədiyaşar mahnılarda yaşamaq, ürəklərə yol tapmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan “Qurban verərdim”lə bərabər “Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür.

Bu gün qlobal dünyaya sürətlə inteqrasiya edən ölkəmizin yerli və xarici televiziya və radio kanallarında növbənöv musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğu” qulaq deşir. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlirik. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

Elza xanım bu dünyanın 74 ilinə qonaq oldu, ömrünün yarım əsrdən çoxunu musiqiyə həsr etdi. Bu gün 85 yaşı tamam olan sənətkarın yaşı artdıqca bəstələri daha da cavanlaşır.

Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.

Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 85 il ötür
Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 85 il ötür
Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 85 il ötür
Infoteka.az