Azərbaycan paralimpiyaçılarının bu il iştirak edəcəkləri mühüm yarışlar məlum olub.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bildiriblər ki, komitənin təqvim planına əsasən paralimpiyaçılar bu il ərzində 8 dünya çempionatı və dünya oyunlarında iştirak edəcəklər. Belə ki, idmançılarımız iyulun 8-17-də Fransanın paytaxtı Parisdə atletika, oktyabrın 2-8-də İtaliyanın Terni şəhərində əlil arabasında qılıncoynatma, sentyabrın 17-29-da Perunun Lima şəhərində güllə atıcılığı, iyulun 13-23-də Çexiyanın Plzen şəhərində kamandan oxatma, avqustun 19-31-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pauerliftinq, avqustun 6-14-də Böyük Britaniyada para-velosiped, iyulun 27–dən avqustun 6-dək Böyük Britaniyanın Mançester şəhərində üzgüçülük üzrə, eləcə də para-taekvondo üzrə dünya çempionatlarında, həmçinin avqustun 18-27-də Böyük Britaniyanın Birmingem şəhərində IBSA Dünya Oyunlarında təmsil olunacaqlar.
Dünya çempionatları ilə yanaşı, 2023-cü ildə paralimpiyaçılar 7 Avropa çempionatı və qitə oyunları, 51 dünya kuboku və Qran-Pridə iştirak edəcəklər.
Eyni zamanda, qeyd edək ki, Milli Paralimpiya Komitəsinin təqvim planına əsasən bu ilin sentyabrında Bakıda para-cüdo üzrə 3-cü Qran-Prinin keçirilməsi nəzərdə tutulur.