Dayanmadan sürətli inkişafda olan dünya moda sənayesi hər il yeni və fərqli tendensiyalar ortaya qoyur. Modelyerlər yaşadığımız 2023-cü ildə əsasən parlaq və rəngli geyimlərə diqqət yetirməyə qərar veriblər. Xüsusilə xanımlar üçün dəb müxtəlif tendensiyalarla zəngindir. Yetkin yaşda olan qadınlar bir çox geyim seçimlərindən imtina etməli olurlar. Mütəxəssislər 2023-cü il üçün dəbdə olan ətəklərin qadınlarda xüsusi cazibədar görünüş yaradacağını vurğulayırlar. Dizaynerlər isə hava şəraitindən asılı olmayaraq çoxçeşidli maraqlı üslublar təklif edirlər. Bu il mövsüm əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqləndiyindən insanlar cazibədar görünmək üçün çox da qalın olmayan geyimlərə üz tuturlar.
2023-cü ilin qış mövsümü dəbindən danışan modelyer-dizayner Şəlalə Maqsudova "525"ə açıqlamasında daha çox yun, toxunma, tvis, trikotaj, dəri və mexli parçalardan istifadə olunacağını bildirib: "Bu il geyimlərdən boş bədən, yun toxunma jaketlər, trapes gödək yupkalar, enli gödək şalvarlar dəbdə olacaq. Üst geyimlərində paltoların formasında və biçimlərində dəyişiklik olub. Birbaşa biçilmiş, beldə kəsik olmayan gödək, enli çiyinli, varatnikli və cibli paltolara daha çox üstünlük veriləcək. Əlbəttə, bu formadakı paltolar hər xanıma uyğun olmayacaq. Dəb izləmək heç də məcbur deyil. Eyni zamanda, hər dəbdə olan istər rəng, istərsə də forma hamıya uyğun olmur. O üzdən hər kəs öz komplekslərini bilməli və onu gizlətməyi bacarmalıdır. Bu ilin qış rənglərində qırmızı, göy, qara və boz rənglərə daha üstünlük veriləcək".
Məşhur dizaynerlərin bildirdiyinə görə, daha çox enli çiyinləri olan geyimlər, gödəkçə formasında olan pencəklər, qarın hissəsi görünən korset köynəklər də bu il üstünlük verilən geyimlərdən olacaq. Lazer kəsimli dəri üzərində milli naxışlarla bəzədilmiş yeni üslublu geyimlər də 2023-cü ilin favorit geyimlərindən sayılacaq.