R.T.Ərdoğan: Təhsil və mədəniyyət hər bir cəmiyyətin və ölkənin inkişafının əsasıdır.
Bunu cümə günü İstanbulda ölkənin ən böyük "Rami" adlı kitabxanasının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan xatırladıb ki, "Rami" kitabxanası 19-cu əsrdə kazarmaların yerləşdiyi Osmanlı dövrünə aid tarixi memarlıq kompleksində yerləşir.
Türkiyə lideri qeyd edib ki, Sultan II Mahmud 1828-1829-cu illər Osmanlı-Rusiya müharibəsi zamanı ordulara məhz bu binadan komandanlıq edib.
Onun sözlərinə görə, sözügedən kitabxanada ilkin mərhələdə 2 milyon kitab olacaq.
"Türkiyə dünyanın hər yerindən kitablar alacaq ki, bu da "Rami" kitabxanasını böyük beynəlxalq mədəniyyət məkanına çevirəcək", - deyə R.T.Ərdoğan bildirib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə ölkədə 100 yeni kitabxananın açılışı planlaşdırılır.
“Biz bu məqsədə addım-addım yaxınlaşırıq!” – deyə Türkiyə Prezidenti bildirib.