Infoteka.az
Sosial

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər

Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur.

Ulu öndərimiz  Heydər Əliyev  bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalayıb. Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdır.

Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində daha dinamik inkişaf müşahidə olunur. Cənab Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut edir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Ümumilikdə isə həmin səfər iki dövlət arasında ticari-iqtisadi və elmi -texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və sərhədlərindən kənarda hava əlaqəsi haqqında formalaşan bir görüş oldu.

İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları ilə yanaşı müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər həyata keçiriblər. Ötən dövr ərzində iki ölkə arasında enregetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir. Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır.

Təbii ki, bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm faktorlardan birinə çevirib. Bu gün isə Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması bunu bir daha sübut edir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır. İki ölkə arasındakı bu münasibətlər həmçinin elm və təhsil sahəsində də öz əksini tapmışdır. 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımız da məhz yeni əlaqələrin qurulması üçün yeni imkanlar yaradacaq.

 

Kifayət Məmmədova

Suraxanı rayonu 87 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Infoteka.az