Infoteka.az
Sosial

Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışı

Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və onun qonşu ölkələrinin bazarları böyük maraq kəsb edir. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var.

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Xalqlar arasındakı tarixi bağlar bu əlaqələrin təməlində dayanan mühüm amillərdəndir.

Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər Azərbaycan - Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın davamlılığını təmin edir. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Eyni zamanda ölkələrimiz arasında indiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Bu gün artıq Azərbaycan qazı Bolqarıstana ixrac olunur və hazırda bu ixracın həcminin artırılması məsələsi gündəmdədir.

İki ölkənin dövlət başçıları arasında keçirilmiş geniştərkibli görüşdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Məlum hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Artıq Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya Bolqarıstana müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Ona görə Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi isə təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək.”

Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu layihə böyük tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır.

Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır. Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentinin olduğunu deməsi də məhz ölkəmizin dövlət başçısına və bütövlükdə Azərbaycana verilən xüsusi qiymət idi. Azərbaycan qazının artıq iki ilə yaxın bir müddətdir ki, Avropa bazarlarına və indi həm də Bolqarıstana çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biri olmaqla Avropanın enerji xəritəsini dəyişmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələr təbii qazla təmin olunsun. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması önəmli məsələdir: Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikib.

Bildiyimiz kimi, Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində də iştirak edir. İki dövlət arasında həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün də çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaq. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bütün bunlarla bərabər, Azərbaycanla Bolqarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb.

 

 

Şəhla Mehdiyeva

Suraxanı rayonu 87 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Infoteka.az