Dövlətimiz cəmiyyətimizin sağlamlığının qorunması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu gün parta arxasında əyləşən şagird sabahın mühəndisi, həkimi, müəllimi, iqtisadçısıdır. Hansı peşə sahibi olmasından asılı olmayaraq, hər bir vətəndaşımız sağlam olmalıdır. Sağlam gəncliyin formalaşdırılması dövlətin ən mühüm vəzifələrindən biridir.
Müasir Azərbaycanda həyata keçirilən idman siyasətinin təməli Ulu Öndərimiz H.Əliyev tərəfindən qoyulmuş və bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İdman Azərbaycan mədəniyyətinin bir hissəsidir. Azərbaycan idman sahəsində dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Bunu Azərbaycan idmançılarının dünya əhəmiyyətli yarışlardakı ildən-ilə artan uğurları sübut edir. Ölkəmizdə hər il mütəmadi şəkildə müxtəlif idman yarışları keçirilir. Bu idman yarışlarında qazandığı uğurlar ölkəmizi daha da şöhrətləndirir. Azərbaycan idmançıları hər zaman mötəbər yarışlarda mükafata layiq yerləri tutmaqla, olimpiya rekordlarını təzələyərək, beynəlxalq əhəmiyyətli uğurlarının sayını ildən-ilə artırır.
İdman çox ağır iş və məşğuliyyət kimi səciyyələndirilir. Məhz bu səbəbdən idmana dövlət qayğısı ildən-ilə artır. Bütün ölkə miqyasında olimpiya komplekslərinin, stadionların, atçılıq mərkəzlərinin, sağlamlıq mərkəzlərinin tikintisi geniş vüsət alır. Ağdam rayonunun Eyvazxanbəyli kəndində təməli qoyulan Atçılıq Nəsilartırma Mərkəzi Azərbaycan idman siyasətinin növbəti addımıdır. Yola saldığımız 2022-ci ildə idmançılarımız Avropa və dünya idman reytinqində ilk onluğa düşüblər. Bura müxtəlif idman növləri aiddir. Şahmat, bədii gimnastika, cüdo, futbol, karate, yunan-roma güləşi sahəsində qazanılan uğurlar, yüksək nəticələr xalqımızı qürurlandırmışdır.
Qədim tarixə malik olan Azərbaycan idmanı uğurlu inkişaf tarixinə malikdir. Azərbaycan idmanı bu gün də sürətlə inkişaf edərək dünyada Azərbaycanın idman ölkəsi kimi özünü təsdiqləməsi ilə nəticələnmişdir. 2023-cü il idman sahəsində həm dünyada, həm də ölkəmizdə mühüm əhəmiyyət daşıyır. İnanırıq ki, hər zaman olduğu kimi bu il də Azərbaycan idmançıları dövlətimizin adını müxtəlif idman sahələrində zirvələrə qaldıracaqlar. İşğaldan azad edilən torpaqlarımızda idman infrastrukturunun yaradılması üçün mühüm addımlar atılır. Ağdamın “İmarət” stadionunun yenidən müasir standartlara cavab verən layihəsi artıq hazırdır. 1952-ci ildə tikilmiş və sırf futbol üçün nəzərdə tutulmuş bu stadion erməni vandallığı nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Bu stadion yaxın zamanlarda öz şöhrətini qaytaracaq və beynəlxalq əhəmiyyətli yarışların mərkəzinə çevriləcək.
İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti Azərbaycanın sağlam gəncliyinin yetişdirilməsinə xidmət edir. Məhz bu siyasət nəticəsində 90-cı illərdən başlayaraq formalaşan sağlam gənclik sayəsində 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi.
2022-ci ildə azad edilmiş torpaqlarımızda keçirilən idman yarışları göstərdi ki, Qarabağa idman geri qayıdır. Şuşada keçirilən beynəlxalq şahmat yarışları, Füzuli-Şuşa istiqamətində keçirilən beynəlxalq velosiped yarışı, Suqovuşanda keçirilən beynəlxalq avarçəkmə yarışları Qarabağın idman həyatının canlandırılması üçün başlanğıc addımlardır.
2022-ci il Azərbaycanın idman uğurları təkcə Qarabağda keçirilən yarışlar ilə yekunlaşmır. Formula-1, gimnastika, cüdo, karate üzrə keçirilən beynəlxalq yarışlar pandemiyadan sonra Azərbaycanda idman həyatının canlandırılması üçün baş tutan mühüm idman hadisələridir.
İdman həm ölkə daxilində, həm də ölkə xaricində mühüm əhəmiyyətə malikdir. Çünki dövlətin dünya miqyasında tanıdılması üçün ən doğru addım sağlam gəncliyin yetişdirilməsi, onların uğurları və yeni rekordların qazanılmasıdır.
Vəfa Bağırova
Suraxanı rayonu 172 nömrəli tam orta mətəbin direktoru