Infoteka.az
Dünya

BMT-nin rəhbəri: Bu əsrin sonuna qədər qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər

İqlimlə bağlı fəlakətin qarşısını almağa imkan verən yeganə etibarlı yol bərpaolunan mənbələrdən alınan enerjidən geniş istifadə edilməsidir.

Təşkilatın Baş katibi Antonio Quterreş bu fikri bəyan edərək bərpaolunan enerjiyə keçidin beş bənddən ibarət planını təklif edib.

Antonio Quterreş Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin Assambleyasının Əbu-Dabidə keçirilən 13-cü sessiyasının iştirakçılarına videomüraciətində deyib: “Yalnız bərpaolunan enerjiyə keçid bizim gələcəyimizi qorumağa, qiymətləri sabitləşdirməyə və enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək”.

Dünya indiyə qədər qazıntı şəklində yanacaqdan asılıdır, istiləşməni Selsi şkalası üzrə 1,5 dərəcə həddində saxlamaq hədəfi isə getdikcə əlçatmaz olur. BMT rəhbəri xəbərdarlıq edərək deyib: “Əgər indiki siyasət davam etdirilsə, bu əsrin sonuna qədər qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Bu ssenarinin nəticələri dağıdıcı olacaq. Planetin bir neçə regionu yaşayış üçün yararsız vəziyyətə düşəcək. Bu, insanların çoxu üçün ölüm hökmünə bərabər olacaq”.

Antonio Quterreş xatırladıb ki, bərpaolunan mənbələrdən alınan enerji elektrikə qlobal tələbatın yalnız 30 faizini təmin edir. Onun sözlərinə görə, 2030-cu ilə qədər bu göstəricini ikiqat artırmaq, əsrin ortalarına qədər 90 faizə çatdırmaq lazımdır.

Baş katib ölkələrə müraciətlə davamlı energetika layihələrinə “yaşıl işıq yandırmağa”, enerji sistemlərini modernləşdirməyə və belə proqramlar üçün subsidiya ayırmağa çağırıb. Quterreşin fikrincə, keçid dövründə əhalinin imkansız təbəqələrini dəstəkləmək lazımdır.

BMT-nin rəhbəri bərpaolunan enerjiyə sərmayə qoyulmasını təklif edir. O hesab edir ki, bu məqsəd üçün özəl və dövlət investisiyalarının ümumi məbləği ildə 4 trilyon dollara çatdırılmalıdır.

Baş katib bərpaolunan mənbələrdən alınan enerjinin dəyərini azaltmağa, habelə çox ehtiyacı olan ölkələrə maliyyə axınlarını yönəltməyə çağırıb.

Infoteka.az