Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü. Səhnədə, kinoda misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq.
Dublyajda da ürək qoyacaq. Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək.
Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq...
Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" tamaşasında Horatsio olub.
Səməndər çoxuşaqlı ailənin sonbeşiyi olub. Uşaqlıq illəri müharibədən sonrakı dövrlərə tuş gəldiyi üçün çox çətinliklə böyüyüb. Anası adının qısaldılmış formada Səməni - deyə çağırarmış.
Bir gün dostları ilə oynadığı zaman körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunur.
Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyub. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan Səməndər radiodan dinlədiyi "Arxip baba və Lyonka" radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsini eşidib aktyor olmağa qərar verir.
Xəstə yatan zaman həkimlər Səməndərə deyirlər ki, ona kökəlmək lazımdır. Əgər kökəlməsə, ayaq sümüyü çürüyə bilər. Ondan sonra aktyor kökəlməyə başlayır. Amma köklük də ona ağırlıq gətirdiyindən həmişə zədəli ayağı ağrılı olur.
Gürcüstanın o vaxtkı dövlət başçısı Şevardnadze Səməndər Rzayevi çox sevərmiş, aktyor bir dəfə Tiflisdə qastrolda olarkən Şevardnadze əlini onun kürəyinə vuraraq "sən böyük aktyorsan" demişdi.
Qızı Rübabə Səməndərin dediyinə görə atasının çox gözəl şarjları, həcvləri vardı. Aktyor harda olsa, dəftərin, kağızın bir küncünə nəsə çəkirmiş. Rəhmətlik Mikayıl Mirzə Səməndər Rzayevin bu rəsmlərini ondan alır ki, haqqında yazacağı kitaba daxil etsin. Lakin, iş elə gətirir ki, Mikayıl Mirzənin evində yanğın baş verir, şarjlar da həmin yanğın zamanı tələf olur.
Səməndər Rzayev ömrünün son dövrlərində ruhdan düşür. Nə səhnədə, nə də kinoda potensialına uyğun rollarla özünü ifadə edə bilmirdi. Səməndər dolubədənli olduğu üçün çox vaxt ona yaşından böyük və bir-birinə oxşar obrazlar verirdilər. Vaqif Mustafayev aktyoru "Yaramaz" filmindəki Hətəm roluna çəkməyi planlaşdırsa da aktyorun qəfil ölümü bu planının həyata keçməsinə mane olur.
Yeriyəndə yer silkələnən, danışanda gözləri ilə lərzəyə salan Səməndərin səhhətində bir müddət sonra problemlər yaranmağa başlayır. Aktyor o qədər arıqlayır ki, onu görənlər təəccüblənir. Deyilənə görə içkidən çox istifadə etməsi onu qara ciyər xəstəsinə çevirir. Həkimlər də ona serroz diaqnozu qoyub.
Çoxdiapazonlu, son dərəcə xəlqi və eyni dərəcədə intellekt-elitar sənətkar 41 illik ömründə çəkildiyi və səsləndirdiyi 63 filmin birindəki (“Bəyin oğurlanması”) “bu kino ki var...”, oynadığı yüzlərlə tamaşaların birindəki (“Şəhərin yay günləri”) “Ə, bə bu nətəər olur?!” kimi sözləri..., diqər oyunları hələ də unudulmur.
Millətini, xalqını çox sevən Səməndər Rzayev həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. O, ən adi epizodlarda belə böyük azərbaycanlı kimi görünürdü.
Səməndər Rzayevin səsində Azərbaycan radiosunun “Bulaq” verilişi bir başqa aləm idi. Xalq artisti Məhluqə Sadıqova ilə Səməndər Rzayevin biri-birindən gözəl üslub-üsulla mətni oxumaqla, sənətkarlar o verilişin iki nəfərlik kollektivi önündə də qeyri-adiliklərindən qalmırdılar.
“Həə, di sağ olun, salamat qalın, istəkli dinləyicilər...” - deyimi hələ də qulaqlarımızdan getmir.
Xəstə olsa da teatrdakı rollarından qalmayan aktyor günlərin birində "Sizi deyib gəlmişəm" tamaşasında Xudayar bəyi oynayır. Tamaşa vaxtı aktyorun halı gözlənilmədən pisləşir. Tərəf müqabili Səidə Quliyeva danışır ki, tamaşanın bir hissəsində səhnədə mən Səməndəri sillə ilə vururdum: "Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü".
Qızı həmin günü belə xatırlayır: "Həmin günü mən yaxşı xatırlayıram. O, teatrdan evə gəldi, mən yatılı olsam da, onun səsini eşidib ayılmışdım. O, anama dedi ki, bu gün işdə "çepe" baş verib. Sən demə, tamaşa vaxtı onun ayaqları şişibmiş, ciyərində də güclü problem olub. Səhnədəki rola uyğun olaraq da səhnənin döşəməsində bir müddət uzanmalı olub. Vəziyyəti daha da pisləşib. Amma rolunu axıra qədər ifa etmişdi. Biz həmin günə qədər onun serroz olduğunu bilməmişdik. Ondan sonra öyrəndik."
Yanvarın 2-də ad gününü qeyd edən aktyor sonrakı gün xəstəxanaya aparılır. Bir müddət sonra xəstəxanada komaya düşür. Bir ay komada qaldıqdan sonra 27 mart 1986-cı ildə dünyasını dəyişir.
Xəstəliyinin son günlərində rejissor Ramiz Həsənoğlu xəstəxanaya Səməndərin yanına gedir. Onlar xeyli söhbət edirlər. Söhbətin sonunda Səməndər rus dilində belə deyir "Mne tak xoçetsa jit"... (Yaşamaq istəyirəm)
...Deyirlər ki, Səməndər adlı bir quş var, o, odda yaşayır. Yanıb-yanıb kül olur. Lakin külün ortasındakı qor yumurtaya çevrilir və yenidən Səməndər quşu peyda olur.
Bu bənzərsiz aktyor - səhnəmizin, kinomuzun, radiomuzun, televiziyamızın Səməndəri - Səməndər Mənsim oğlu Rzayev də bu dünya durduqca var olacaq bu dünya durduqca yaşayacaqdır!









