Infoteka.az
Dünya

ATƏT rəhbəri Rusiyaya çağırış etdi

 

Rusiya dərhal Ukraynaya qarşı müharibəni dayandırmalı və qoşunlarını ölkə ərazisindən çıxarmalıdır.

Bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in hazırkı rəhbəri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Mən indi ATƏT-in rəhbəri kimi buradayam və Rusiya Federasiyasını bu müharibəni dayandırmağa, öz qüvvələrini və qoşunlarını Ukraynadan çıxarmağa, həmçinin ATƏT-in dəyər və prinsiplərinə sədaqət göstərməyə və diplomatiya yoluna qayıtmağa çağırıram”, - deyə o bəyan edib.

Bundan əlavə, Osmani Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün, o cümlədən Dneprdə yaşayış binasına raket hücumunu pisləyib.

“Vurğulamaq istərdim ki, biz Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünü tamamilə pisləyirik. Dneprdə həftə sonu dinc sakinlərə qarşı hücumun şahidi olduq. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, çox üzücüdür və biz buna dözə bilmərik”, - ATƏT rəhbəri bildirib.

Osmani təsdiqləyib ki, Ukrayna mövzusu Şimali Makedoniyanın ATƏT-ə sədrliyi dövründə təşkilat üçün prioritet olaraq qalacaq.

“Biz Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik və bu yoldan dönməyəcəyik. Baş verənləri qəbul etməyəcəyik. Bunun əvəzinə sülhü bərpa etmək və prinsiplərimizə, öhdəliklərimizə hörmət etmək üçün ATƏT-in bütün vasitələrindən istifadə edəcəyik”, - diplomat yekunlaşdırıb.

Xatırladaq ki, bu gün ATƏT-in rəhbəri Buyar Osmani Ukraynaya rəsmi səfərə gəlib.

Infoteka.az