Infoteka.az
İqtisadiyyat

Azərbaycan tezliklə “yaşıl enerji” ixracatçısı olacaqdır

Azərbaycan Republikası ilə ərəb dövlətləri arasında iqtisadi, ticarət və mədəni əlaqələr inkişaf edir. Cənab Prezident İlham Əliyevin ərəb ölkələrinə səfəri, onların Azərbaycana rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın genişlənib inkişaf etdiyinin göstəricilərindəndir. Məlumdur ki, inkişaf etmiş ərəb ölkələrindən biri olan  Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və eyni zamanda, Əbu-Dabi Dayanıqlılıq Həftəsində iştirakı siyasi və iqtisadi maraqlarımızın təmin olunması sahəsində mühüm addımdır. Sevindirici haldır ki, son dövrlər Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli münasibətlər strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Birləşmiş Ərəb Əmirlikləri bir çox platformalarda Azərbaycanın haqq işinə öz dəstəyini ifadə edib. Əlbəttə ki, bu, Azərbaycanın uzun müddətdir aparılan uğurlu xarici siyasətinin nəticəsidir.

Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə,  milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətləri, o cümlədən də daha geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Azərbaycanın nəhəng layihələrdə iştirakı ölkəmizin çoxşaxəli iqtisadi və siyasi əlaqələrinin genişləndiyini göstərir. Artıq “yaşıl enerji” ixracatçısına çevrilməyi hədəfləyən Azərbaycan öz müdrik rəhbərinin həyata keçiridiyi siyasət sayəsində inkişafının zirvəsinə doğru addımlayır. Az müddət içərisində belə nəhəng irəliləyiş Azərbaycanın dünyada nüfuzunun artmasına, enerji təhlükəsizliyi sahəsində söz sahibinə çevrilməsinə səbəb olmuşdur.

İki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. Bu nəhəng layihə hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, azərbaycan etibarlı tərəfdaş, strateji müttəfiq rolunu da xeyli gücləndirmişdir. Hazırda ölkəmizdə həyata keçirilən nəhəng enerji layihələrindən biri də bərpaolunan enerji resurslarından istifadə olunmasıdır. Bu mənada BƏƏ-nin “Masdar” şirkəti  Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmanın imzalanması çox mühüm əhəmiyyətə malikdir. Cənab Prezidentin qeyd etdiyi kimi “Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Arzu Miriyev

Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktoru

© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır

Infoteka.az